20:15
25 Noyabr 2019

Kənd müəllimi, medalını hədiyyə edən, "batmayan" Günəş: "Futbolçulara qız vermirdilər" - SİRLİ ULDUZLAR

Şenol Günəş. Türkiyə futbol tarixinin canlı əfsanələrindən biri. Buna baxmayaraq, birmənalı münasibət görməyən, uğur qazananda belə, bəziləri tərəfindən tənqid olunan “Tənha adam”. O adam ki, Türkiyə yığmasını 48 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə çıxarmış və mundialda 3-cü olmuşdu. O adam ki, “ay-ulduzlular”a bu dəfə Avro-2020-nin final mərhələsində oynamaq hüququ qazandırdı.

Şəhid babanın nəvəsi

“Haradan gəldiyimi və hara getdiyimi yaxşı bilirəm. Haradan gəldiyini bilməsən, olduğun yerdən həmişə şikayət edərsən” deyir Şenol Günəş. Güclü məşqçi olduğu qədər də, xarakterli, vətənpərvər insandır. Bu xüsusiyyət onun qanındadır. Babası 1915-ci ildə, Osmanlı Dövlətinin Rus İmperiyasına qarşı keçirdiyi Sarıqamış döyüşündə şəhid olub. Nənəsi 5 uşağı ilə birlikdə bir müddət mühacir həyatı yaşayıb, Trabzondan Samsuna köçmək məcburiyyətində qalıb. Trabzona qayıdanda övladlarından birini - Şenolun atası Osmanı qeyri-müsəlman ailəsinə verib. Osman Günəş 1924-25-ci illərdə anasının yanına qayıdıb. Bir müddət başqa ailəyə verildiyi üçün adı sənəddə Həmid gedir.

"Top almağa pulumuz yox idi"

Şenol Günəşin atası 2 dəfə evlənib. İlk evliyindən 2 uşağı olur. Lakin həyat yoldaşı gənc yaşlarında dünyasını dəyişir. İkinci dəfə ailə həyatı qurur. Bu, yeni xanımı Fatmanın da ikinci evliliyi olur. Onların 1 qızı, 4 oğlu dünyaya gəlir. Qıza Asiyə, oğlanlara İlyas, Zəkəriyyə, Şenol və Bahəddin adını qoyublar. 1952-ci il iyunun 1-də Trabzonda anadan olub Şenol Günəş. Atası kilim toxumaqla böyük ailəni dolandırırdı. Evləri dənizdən cəmi 40-50 metr aralıda yerləşirdi. Trabzon əsasən balıqçılıqla dolanan bölgədir. Balaca Şenol dənizin kənarında dalğalara baxıb, xəyala dalardı. Dənizi çox sevərdi.

Uşaq vaxtından idmanla maraqlanan Şenol Günəşin həvəsi daha çox basketbola idi. Di gəl ki, basketbol oynamağa adam tapmaqda çətinlik çəkərdi. Trabzon camaatı futbolu daha çox sevdiyindən, o da bir müddət sonra "idmanın şahı" ilə maraqlanmağa başlayır.

"Evdə balıq yeyəndə üzərinə limon sıxırdıq. Sonra anam limon qabığını atırdı. Biz də onu götürüb, 2 dost futbol oynayardıq. Növbə ilə birimiz qapıya keçər, digərimiz zərbə vurardıq. Maddi vəziyyətimiz aşağı olduğu üçün top almağa pulumuz yox idi", - uşaqlıq illərini belə xatırlayır Şenol Günəş.

"20 il istəmədən qapıçılıq etdim"

Uşaq vaxtından inadcıl, qürurlu idi. Məhəllələr arasında keçirilən matçlarda adətən hücumçu mövqeyində oynayardı. Qapıda durmağı da pis bacarmırdı, amma bundan heç xoşu gəlməzdi. Böyük qardaşı ilə eyni komandada oynayanda isə qapıya keçməyə məcbur olurdu: "Çox qaçırdım, yorulmaq bilmirdim. Hərəkətli olduğum üçün qapıda dayanmağı sevmirdim. Böyük qardaşımın qapıçı özəlliyi var idi. Amma onların yaş qrupunda oynayanda məni qapıya qoyurdu. Onun tələbi ilə qapıya keçdim. Beləcə, 20 il istəmədən qapıçılıq etdim".

"Əvvəl futbolu aclar oynayır, toxlar izləyirdi, artıq əksinədir"

Həmin illərdə radioda futbol şərhini dinləyən Şenol Günəş xəyallara dalardı. Heç qol buraxmayan qapıçı olmaq arzusundaydı. Valideynləri isə onun elm dalınca getməsini, savad almasını istəyirdilər. 15 yaşında bəxti Günəş kimi saçmağa başlayır. Məhəllələrarası çempionatda özünü göstərdikdən sonra "Ərdoğdu Gənclik" komandası onunla müqavilə bağlayır: "Atam, anam yazıb-oxumaq bilməzdi. Buna görə də mənim təhsil almağım üçün çox çalışdılar. 15 yaşımdan ailəmə baxmağa başladım. Uşaq vaxtı heç qapıçı əlcəyim olmadı. Mədən işçilərinin əlcəyini geyinib, torpaq sahədə qapıçılıq edirdim. Əvvəl futbolu aclar oynayır, toxlar izləyirdi. Artıq əksinədir: zənginlər oynayır, yoxsullar seyr edir".

"Həyatımdakı ən çox pulu indi qazanıram"

İlk maaşı 50 lirə olub Şenol Günəşin. Yeniyetmə yaşlarından atasına kömək etsə də, valideynləri ondan ali məktəbə daxil olmağı tələb edirdilər. Şenol futbol həyatı ilə paralel onların arzusunu yerinə yetirir. Qaradəniz Texniki Universitetinə daxil olan Günəş oranı bitirdikdən sonra müəllimlik də edir: Trabzonun Qaraqaya kəndində 5 il orta məktəbdə sosial bilgilər üzrə dərs deyir, özü də peşəkar futbolçu olduğu 1978-1983-cü illərdə. Hətta “Trabzonspor”un heyətində çempion olandan 1 gün sonra dərsə gedəcək qədər işini çox sevən müəllim idi. "O vaxt çətin dönəm idi. Futbolçuya qız vermirdilər. Deyirdilər ki, bunun işi-gücü yoxdur, top oynayır. Buna görə ailəm savadlı olmağımı istəyirdi. İndi fərqlidir. Artıq futbolçuya qız da verirlər, dəyər də. Həyatımdakı ən çox pulu indi - futbola başlayandan 50 il sonra qazanıram", - Şenol Günəş bildirir.

İllərdir qırılmayan rekord

1972-ci ildən “Trabzonspor”un əsas komandasının qapısını qorumağa başlayan Günəş 1987-ci ilə - karyerasının sonuna qədər doğma klubunun formasını geyinir. Bu müddətdə 6 dəfə Türkiyə Superliqası, 3 dəfə Türkiyə Kuboku, 6 dəfə Türkiyə Superkubokunun qalibi adını qazanır. 1976-1987-ci illərdə yığmada 31 oyun keçirən Günəş Türkiyə çempionatında hələ də ən uzun müddət (1112 dəqiqə) qol buraxmayan qapıçıdır, rekordunu təzələyən tapılmır. Superliqada 1 mövsüm ərzində ən az qol buraxan qapıçı statusu da ona məxsusdur - 6 qol. "Qapıçılığı sevməsəm də, oynadığım müddətdə əlimdən gələnin ən yaxşısını etdim. İşimə həmişə peşəkar yanaşdım. Uğurlarımın sirri bu idi", - deyir Şenol hoca.

35 yaşında futbolçu karyerasını bitirən Günəş cəmi 1 il sonra məşqçilik fəaliyyətinə start verib. Doğma klubu “Trabzonspor”u indiyə qədər 4 dəfə çalışdırıb.

"Haqq edirsənsə, deməli, doğru iş görmüsən"

1995-1996 mövsümündə Günəşin "sükanı arxası"nda olduğu və çox güclü heyətə malik "Trabzonspor" çempionluğa əsas namizəd sayılırdı. Çempionata yaxşı başlayaraq liderlik kürsüsündə əyləşmişdilər. Mövsümün sonu yaxınlaşdıqca bir neçə oyunda qələbə qazana bilmirlər. Nəticədə komanda birinci olmaq ümidini öz meydanında "Fənərbaxça" ilə keçirəcəyi görüşə saxlayır. Evində alacağı 1 xal "Trabzonspor"u illər sonra çempionluqla tanışdıracaqdı. Oyuna sürətli başlayıb hesabı açsalar da, sonrakı dəqiqələrdə 2 qol buraxıb uduzurlar. Nəticədə çempion "Fənərbaxça" olur.

"Həmin mövsümdə 82 xal topladıq. Mən bunu uğurlu hesab etsəm də, uğursuz sayanlar da oldu. Niyə? Son anda qızıl medalları əldən verdiyimizə, çox yaxşı futbol oynadığımıza və çempionluğu haqq etdiyimizə görə. Haqq edirsənsə, deməli, doğru iş görmüsən", - həmin dövrü belə xatırlayır Günəş.

"O, bizi 3-cü etmədi, birincilikdən etdi"

2000-ci ildə Türkiyə yığmasını çalışdırmaq təklifi alan Günəş dəvəti qəbul edərək millinin başına keçir. O, "ay-ulduzlular"ın baş məşqçisi təyin olunanda yerli media bir-birinə dəyir. Qəzetlərin manşetində “Günəş tutuldu”, “Bu məşqçi ilə zor”, “İkinci turu haqq etmədik”, “Tək rəqib Günəş” başlıqlı yazılar çıxır. Bunlara məhəl qoymayan Günəş Türkiyə millisini 48 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə çıxarır. Cənubi Koreya və Yaponiyada keçirilmiş mundialda əla çıxış edən türklər bürünc medal qazanaraq, yığma tarixinin ən böyük uğuruna imza atırlar. Maraqlıdır ki, FİFA tərəfindən ilin məşqçisi seçilən Günəşi böyük nailiyyətdən sonra da tənqid edənlər tapılır. Jurnalist Hıncal Uluçun "Şenol Günəş bizi 3-cü etmədi, qorxaqlığı üzündən birincilikdən etdi" başlıqlı yazısı çıxır.

"Ürəyimdən medalı ona vermək keçdi, mən də verdim"

DÇ-2002 bitdikdən sonra mundialın mükafatçısı olmuş yığmaların hər birinə ayrılıqda 25 medal verilir. Bu isə təkcə futbolçu sayı 23 olan millilər üçün yetərli deyildi. Rəhbərlik və məşqçilərin hər birinə medal çatmırdı. Belə bir məqamda uğurun əsas memarı Şenol Günəş medal üçün gözləri alışıb-yanan komandanın administratorunu sevindirir - heç kimin gözləmədiyi halda medalını ona hədiyyə edir. Günəş həmin hadisəni belə xatırlayır: “Kaş ki, həkimlərə, aşpazlara, bir sözlə, yığmada çalışan hər kəsə medal veriləydi. Administrator oğlan səhnə arxasında çox əziyyət çəkmişdi. Ürəyimdən medalımı ona vermək keçdi, mən də verdim. Sonra düşündüm ki, onsuz da, bu uğurda pay sahibi olmadığımı düşünənlər var. Sabah məndən "medalın hardadır" deyə soruşsalar, onlara nə cavab verəcəyəm? Fakt odur ki, məndə bürünc medal yoxdur. Buna görə də haqlı çıxa bilərlər (gülür)".

Əl çəkməyən çempionluq lənəti

2003-cü ildə Konfederasiyalar Kubokunda Türkiyə millisinə yenə bürünc medal qazandırır Şenol Günəş. Lakin AÇ-2004-ün pley-off mərhələsində Latviyaya məğlubiyyətdən sonra postundan ayrılmalı olur. 2007-2009-cu illərdə Cənubi Koreyanın “Seul” klubunu çalışdırır. "Trabzonspor"da olduğu kimi, orada da gümüş medalla kifayətlənməli olur. Çempionluq lənəti Günəşdən əl çəkmirdi.

2010/2011 mövsümündə bu lənətdən qurtulmağa çox yaxın olur. Doğma klubu "Trabzonspor" onun rəhbərliyi altında ilk dövrəni ən yaxın rəqibi "Bursaspor"dan 5, 3-cü pillədə qərarlaşan “Fənərbaxça”dan isə 9 xal irəlidə bitirir. Əksəriyyət "bordo-mavililər"in çempion olacağını düşünürdü. Amma fasilədən sonra hadisələr tərsinə cərəyan etməyə başlayır. İkinci dövrənin ilk 3 oyununda cəmi 2 xal toplayan "Trabzonspor" rəqiblərini çempionluq yarışına ortaq edir. Sonrakı 14 matçdan 12-də qələbə qazansa da, yenə çempion ola bilmir.

"Beşiktaş"da bitən həsrət və milliyə qayıdış

Nəhayət, çempionluq həsrətinə "Beşiktaş"da son qoyur Günəş. 2015-ci ildə “qara qartal”la anlaşan Şenol hoca komandanı ardıcıl 2 il Türkiyə çempionu edir. 2019-cu ildə isə yenidən Türkiyə yığmasını çalışdırmaq missiyası ona həvalə olunur. Avro-2020-nin seçmə mərhələsində "ay-ulduzlular" uğurlu çıxış edirlər. Qrupda dünya çempionu Fransadan 2 oyunda 4 xal alan türklər Avropa çempionatının final mərhələsinə çıxmaq tapşırığının öhdəsindən gəlirlər. Yenə onu tənqid edənlər tapılsa da, Şenol Günəş və komandasına qitə birinciliyində böyük ümidlər bəslənilir.

"Bu turnir mənim üçün son olacaq"

67 yaşlı Günəş Türkiyə millisini 2022-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinə də daşımaq arzusundadır. Məşqçi karyerasını da məhz həmin turnirdən sonra bitirəcəyinə qərar verib: “2002-ci ildəki mundiala 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki dünya çempionatına da qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq”.

Rizvan Babayev

Dİgər xəbərlər