2296
15:52
29 Sentyabr 2019

“Nəslində intihardan ölən varsa...” - PSİXİATR GÜNÜMÜZÜN BƏLALARI HAQQINDA DANIŞIR

Günümüzün ciddi problemlərindən biri də depressiyadır. Əhval-ruhiyyənin pozulması ilə özünü göstərən bu xəstəlik, hesablamalara görə, hər 20 insandan birinə təsir edir. Depressiyanı müxtəlif amillər yarada bilir. Nədən yaranmasından asılı olmayaraq, depressiya günlük həyat tərzimizə mənfi təsir edir. İnsanın fəaliyyət qabiliyyətini aşağı salır, rahatlığını əlindən alır. Hətta depressiya səbəbindən astma, ürək-damar, xərçəng, şəkər, artıq çəki kimi xəstəliklər inkişaf edə bilir. Mütəxəssislərin araşdırmalarına görə, depressiya müalicə olunmadıqda aylarla, hətta illərlə sürə bilir. Bəs depressiyada olduğumuzu necə anlaya və ondan necə xilas ola bilərik?

Mövzu ilə bağlı psixiatr Ruslan Əliyevin Lent.az -a müsahibəsini təqdim edirik.

Həkimlə müsahibədə dövrün bəlası sayılan depressiyanın səbəbləri və müalicəsi ilə bağlı məsələləri araşdırmağa çalışdıq.

- Ruslan həkim, depressiyada olduğumuzu hansı əlamətlərlə hiss edə bilərik?

- İnsanların 12-15 faizi həyatı boyunca ən azı bir dəfə depressiv dönəm keçirir.

Bəzən yoruluruq, halsız oluruq. Bu o demək deyil ki, depressiyadayıq. Depressiyanın 9 əlaməti var və bunun bir neçəsi birlikdə göründüyü zaman diaqnoz qoyulur. Əhval-ruhiyyənin yaxşı olmaması, həyatdan, əvvəlki alışqanlıqlarından zövq almamaq, enerjinin olmaması, diqqətin və yuxunun pozulması, intihar və dəyərsizlik düşüncələrinin yaranması və s. əlamətlər olduqda depressiya diaqnozu qoymaq olar. Ən önəmli əlamət funksionallığın pozulmasıdır. İnsan əsəbi ola bilər, amma funksionallığı yerindədirsə - işləməyində problem yoxdursa və s. depressiya sayılmır. Pasiyentlərin çoxu depressiya və həyəcan pozuntusu şikayətləri ilə gəlirlər.

Yaşanılan hər hansı problemdən depressiya baş verdiyi kimi, səbəbsiz də depressiya ola bilər. Bu da genetik amillərlə bağlıdır.

- Depressiyanın müalicəsi ilə bağlı nələri deyə bilərsiniz?

- Depressiyanı həm dərmanlarla, həm də terapiya - danışmaq yolu ilə müalicə etmək olur. Pasiyentlərə problemin öhdəsindən gəlməyi öyrədirik. Amma bunun üçün çox incə detallara kimi işləmək lazımdır. Hər biri 40-50 dəqiqə çəkən 10-15 seans şəklində müalicə aparılır. Azərbaycanda insanlar öz sağlamlıqlarına çox diqqət etmirlər. Müalicə deyəndə məsələnin maddi tərəfi daha çox önə çıxır. Ona görə də terapiya lazım olanda qiymət məsələsi daha çox yada düşür. Müalicənin gətirəcəyi müsbət məqamları nəzərdən qaçırırlar. İnsanın özünü hüzurlu və xoşbəxt hiss etməsi əvəzolunmaz bir şeydir. Ona görə də keyfiyyətli həyat üçün zaman və madiyyat ayrılsa müsbət nəticəsi də olar.

- İntiharlar həqiqətən artıbmı? Müalicə ilə intihar düşüncəsini beyindən çıxarmaq olarmı?

- İntiharlar indi artmayıb. Əvvəllər də olub. Sadəcə, indi informasiyalar artıb.

Pasiyentdə problem olduğunu hiss etdikdə dolayı yollarla intihar düşüncəsinin olub-olmadığını soruşuruq. Bəzən insan həyatdan bezir, ölməklə canının qurtaracağını fikirləşir. İntiharı beyninə qoyan insan araşdırır. Daha asan yolu tapmağa çalışır. Əgər bir pasiyentin nəslində kimsə intihardan dünyasını dəyişibsə, həmin adamı artıq çox ciddi nəzarətə götürürük.

Onu da qeyd edim ki, dinin intiharların qarşısını almaqda çox böyük gücü var. İslamda intihar etmək günah olduğu üçün bu amil inanılmaz qoruyucudur. Təbi ki, fanatizmdən danışmıram. Alkoqol və narkotikdən istifadə də intihar düşüncələrini artıra bilir.

- Günümüzün aktual problemlərindən biri də yuxusuzluqdur. Hansı amillər yuxuya təsir edir?

- Həyəcan pozuntusu varsa, yuxusuzluq olacaq. Tutaq ki, oğlu xaricdə oxumağa gedən ana var. Çox həyəcanlı insan olduğu üçün bütün günü oğlunun başına nəsə gələcəyini düşünür. Belə düşüncə onu yatmağa qoymayacaq. Davamlı sosial şəbəkə vasitəsilə oğlu ilə danışmaq istəyəcək. Bu da qətiyyən normal davranış deyil. İnsan bilməlidir ki, hadisə insanın başına harda olmağından asılı olmayaraq gələ bilər.

- Son zamanlar bipolyar pozuntu probleminin də geniş yayıldığı bildirilir. Bu xəstəliyin əsas əlamətləri və çarəsi nədir?

- Maraqlı xəstəlikdir. Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnir. Cek Londonun, Jan-Klod Van Dammın bu cür pozuntudan əziyyət çəkdiyi düşünülür. İki qütblü bir xəstəlikdir. Biri enerjinin çox artması, digər qütbündə isə enerjinin düşməsi ilə müşahidə olunan xəstəlikdir. Enerji yüksələndə bu pozuntudan əziyyət çəkən adam az yatır. Az yatsa da, həmin insanlar yorğun olmaq əvəzinə çox hərəkətli olurlar, çox danışırlar. Tanımadığı insanlarla söhbət edir, bütün dərdini danışır. Çox pul xərcləyir. Borca girir və çoxlu alış-veriş edir. Ya çox əsəbi ola bilir. Özlərini çox önəmli adam kimi görə bilirlər. Hətta Mehdi olduğunu düşünənlər olur. Bu əlamətlər insanda bir həftədən çox çəkərsə, ona bipolyar pozuntu diaqnozu qoyulur. Xəstəliyin ikinci forması depressiya ilə müşayiət olunur. İnsan kədərli olur, hal-hərəkəti olmur. Orqanizmdə heç bir xəstəliyi olmadığı halda insan özünü halsız hiss edir. Yataqdan çıxmaq istəmir. Biz buna anergiya deyirik - enerjinin olmaması.

- Sosial şəbəkələrdə çox vaxt keçirməyin, lazımsız informasiyaların psixologiyamıza nə kimi təsirləri var?

- Çox mənfi təsiri var. Artıq internet asılılığı deyilən bir sindrom yaranır. Münasibəti pozur, telefonsuz qalma qorxusu yaranır. İnternet asılılığı hələ ki, psixiatriyaya daxil olmasa da, yavaş-yavaş daxil olacaq. Çünki ciddi problemdir. Deyək ki, şəkil qoyuram, bəyənilirəm, məşhuram, amma həyatda çox görüşdüyüm insan yoxdur. Davamlı bəyənilmə hissi insanı depressiyaya salır, xarakter pozğunluğu, narsisizm kimi pozğunluqlar meydana çıxır.

Sosial şəbəkələrdə, işdə davamlı olaraq bir siqnala məruz qalanda beyin yorulur. Beyin yorulduqdan sonra diqqət azalır. Başqa siqnalları qəbul etməyimiz çətinləşir.

- Əhval-ruhiyyəmizi yüksək saxlamaq üçün nə tövsiyə edirsiniz?

- İnsan sevdiyi, zövq aldığı işlə məşğul olmalıdır. Özünə hörmət qoymalı, işinə peşəkar yanaşmalıdır. Həyata sevgi ilə bağlanmalı, bir məşğuliyyəti olmalıdır. Sevdiyimiz insanlarla tez-tez zaman keçirməliyik. Musiqi ilə maraqlanmaq, filmləri izləmək olar.

Qeyd etdiyim kimi həyatdan zövq alaraq yaşamağın bir çox üsulları var. Məsələn, idmanla məşğul olmaq yaxşı əhval-ruhiyyənin yaranması üçün çox faydalıdır. Xanımlara işləməyi tövsiyə edərdim. Hamı təhsil almağa məcbur deyil. Müxtəlif məşğuliyyətlər tapmaq mümkündür. Həyatdan zövq almaq bizim düşüncələrimizlə bağlıdır. Qısası özünü inkişaf vacibdir. Yəni yaşamağa zaman ayırmaq lazımdır. Çünki həyatdan zövq almadıqda maddi qazancın elə bir əhəmiyyəti qalmır.