Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir, ehtiyatda olan general-polkovnik Eldar Mahmudova qarşı iddiası üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutan prosesdə cavabdeh Eldar Mahmudovun iştirak etmədiyi məlum olub.
Məhkəmə salonunda olan bir nəfər özünü Eldar Mahmudovun qaynı kimi təqdim edib. O bildirib ki, Eldar Mahmudovun məhkəməyə verilməsindən aprelin 23-də xəbər tutublar. Həmin şəxs qeyd edib ki, Eldar Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır: "Buna görə bizə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəlmək üçün vaxt verilməsini xahiş edirik".
Sonra Mətləb Mustafayev Eldar Mahmudovun da prosesdə iştirak etməsi barədə vəsatət verib.
Hakim vəsatəti təmin edib.
Proses mayın 3-də davam edəcək.
Qeyd edək ki, Mətləb Mustayayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə həbs edilməsini göstərib.
Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.