İyulun 31-də İngiltərə Super Liqasının 2012-2013-cü il mövsümünün qalibi “Baku United” futzal komandası Azərbaycana gələcək. Klubdan Lent.az-a verilən məlumata görə ,komanda təlim-məşq toplantısını Bakı keçirəcək. Komanda üzvləri burada 3 həftə ərzində məşq edəcəklər. Bu müddət ərzində “Baku United” Azərbaycanın peşəkar futzal komandaları olan “Araz”, “Neftçi” və “Ekol”la yoldaşlıq görüşləri də keçirəcək.
İlham Nağıyev rəhbərlik etdiyi klub İngiltərə çempionu titulunu qazanandan sonra Avropa çempionatına ciddi hazırlaşır. “Baku United”ın baş məşqçisi Çama Himenez İspaniya futzalı tarixində ən sayılıb - seçilən simalardan biridir. Komandanın UEFA Kubokunda yerləşdiyi B qrupunun oyunlarına 28-31 avqustda Polşada start veriləcək. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən “Baku United” Polşa, Monteneqro və Albaniya komandaları ilə bir qrupa düşüb.
Qeyd edək ki, İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu təşkilatı tərəfindən beş il əvvəl həvəskar bir komanda kimi yaradılan “Baku United” 2012-ci ildə İngiltərə Super Liqasına yüksəlib, 2012-2013 İngiltərə futzal liqasının qalibi adına layiq görülüb.