Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI  – İDDİA  - YENİLƏNİB
21 iyun 2025 15:00 (UTC +04:00)

Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI İDDİA - YENİLƏNİB

5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.

İddialarla bağlı Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyinin Analti Ekspertiza Mərkəzindən bildirildi ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil:

"Həmçinin adıçəkilən şəxslə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) bu günə qədər heç bir rəsmi şikayət daxil olmayıb.

 Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən göstərilən faktla əlaqədar işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".

"Ümumilikdə, özəl tibb müəssisələrində fəaliyyət göstərən şəxslərlə bağlı şikayətlər və qanunsuz fəaliyyət hallarının araşdırılması Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq həyata keçirilir.

Belə ki, lisenziyalı tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və ya plandankənar yoxlamalar formasında aparılır. Lisenziyasız fəaliyyət halları və ya insan sağlamlığına birbaşa təhlükə törədən hallar aşkar edildikdə isə, AEM-ə konkret təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciət daxil olduqda, növbədənkənar yoxlamalar təşkil olunur.

Qanun pozuntuları aşkar edilərsə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq aşağıdakı tədbirlər görülür:

Maddə 210.1 – Lisenziya olmadan tibbi fəaliyyətə görə 2.000 – 30.000 manatadək cərimə;

Maddə 215.1 – Lisenziyadan kənar xidmət göstərən tibb işçilərinə görə 300 – 8.000 manatadək cərimə;

Maddə 215.4 – Sertifikasiyadan keçməyən şəxslərin işlədilməsinə görə 800 – 8.000 manatadək cərimə tətbiq edilir.

Vətəndaşlara tövsiyə olunur ki, özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat versinlər",-deyə qeyd olunub. 

***

14:05

5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar var. 

Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, həkimin diplomları saxtadır, onun tibb təhsilinə dair həqiqi sənədləri yoxdur, o, həm də Azərbaycanda Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. 

Lent.az iddialarla bağlı daha geniş araşdırmasını təqdim edir.

Qeyd edək ki,  həkimin sözlərinə görə o Kembric Universitetində təhsil alıb, Amerikada cərrah-ginekoloq kimi çalışıb. Bundan əlavə o,  həm də, Amerika onkoloqlar cəmiyyətinin üzvü, İngiltərə Vaginaplastika Cərrahları Assosiasiyasının cərrahıdır. Davamlı tibbi təhsil (DTT) üzrə  balı isə 300-dür. 

Həkimin sözlərinə görə, onun 178 sertifikatı var. Hətta iş o yerə çatıb ki, onun sertifikatları otağına belə sığışmır. 

Bir az araşdırma etdikdən sonra İngiltərə Vaginaplastika Cərrahları Assosiasiyası kimi bir qurumun olmadığını gördük. Onun yerinə (The British Association of Aesthetic Plastic Surgeons), yəni Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının rəsmi saytına daxil olub, cərrahlar siyahısından bəlkə bir ehtimal burada çalışmış ola bilər deyə, Turanə Nəsibovanın adını axtarışa verdik. Lakin onun adına dair nəticə tapılmadı. 

Ümidimizi üzmədik, həkimin təhsilsiz “həkim” olmasını qəbul etmək istəmədiyimiz üçün, son şans Kembric Universiteti diplomu ilə maraqlandıq. 

Həmin universitetin verdiyi iddia olunan diplomu da, orada təhsil alan tələbələr və məzunlarla bölüşdük. Məlum oldu ki, həkimin Kembric Universitetinin diplomu kimi tanıtdığı kağız əslində diplom deyil. O, yalnız 1 günlük təlimə qoşulanlara universitet yox, təşkilatlar tərəfindən verilən “diplom”dur.  

Bundan başqa Turanə Nəsibovanın paylaşdığı digər kağızlar da həqiqi diplomların fotoları deyil. 

Bəs səhiyyə kimi həyati əhəmiyyətli sahədə Turanə Nəsibovanın həqiqətən də ali təhsilli həkim olduğunu necə öyrənmək olar? Xəstələr ona necə güvənə bilərlər?

Xarici diplomların tanınması ilə bağlı Lent.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, bir şəxsin diplomunun tanınıb-tanınmaması onun təhsil tarixçəsinə dair fərdi məlumat hesab olunur. Bu tip məlumatlar “Şəxsi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur:

“Şəxsin açıq şəkildə yazılı və ya rəqəmsal razılığı olmadan başqa bir şəxs onun diplomunun tanınıb-tanınmamasına dair məlumatı rəsmi qurumlardan əldə edə bilməz”.

Diplomu tanınmayan şəxslər çalışa bilərlərmi? Sualımıza isə “İşəgötürən qurumun məsuliyyəti olduğu” vurğulandı.

Agentliyin cavabından aydındır ki, şəxsin öz razılığı olmadan onun diplomlarının tanınması ilə bağlı digər şəxslər quruma müraciət edə bilməzlər.

Əgər həkim həqiqətən də ali təhsilli cərrah deyilsə, o zaman minlərlə insanın həyatının təhlükədə olduğunu demək olar. 

Səhiyyə Nazirliyi diplomları şübhə doğuran, özəl klinikalarda gizlənib, çalışan həkimləri necə araşdırır? 

Ağlımızı qarışdıran suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxladıq. 

Mərkəzdən bildirildi ki, həkim barədə şikayətlərini bildirən şəxs həkimlə münasibətlərini təsdiq edən sənədləri (reseptlər, ödəniş çekləri və digər sübutları) [email protected] saytına göndərir. Məsələni araşdırmaq üçün xüsusi işçi qrupu yaradılır. Əgər ehtiyac yaranarsa, o zaman plandan kənar yoxlama açılır. Bu zaman klinikaya gedərək oranın lisenziyasının olub-olmamasını, çalışanların hər birinin sənədlərini, həkimin sertifikatını yoxlayırıq.

“Bundan əlavə qanunvericiliyə görə istənilən xəstə həkimdən onun sertifikatını, diplomunu tələb edə bilər. Əgər həkim pasientin tələblərindən imtina edirsə, biz o halda da araşdırma edə bilirik”.

Maraqlıdır, indiyə qədər onkoginekoloq Turanə Nəsibova barədə Analtik Ekspertiza Mərkəzində araşdırma aparılıbmı? Həkim sertifikasiyadan keçibmi?, sorğumuza isə mərkəzdən cavab veriləcəyi bildirildi.

Sorğuya cavab gəldiyi zaman məqaləni yeniləcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3062

Oxşar yazılar