Ölkənin tanınmış hüquqşünasları Baş Prokurorluqda bir araya gəldi
11 dekabr 2024 14:31 (UTC +04:00)

Ölkənin tanınmış hüquqşünasları Baş Prokurorluqda bir araya gəldi

Dekabrın 10-da müxtəlif dövlət qurumlarının təcrübəli əməkdaşlarının, tanınmış hüquqşünasların, o cümlədən aparıcı ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllim heyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin, dövlətimizin tərəqqi yolu ilə inkişaf etməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasının məntiqli nəticəsidir.

Vurğulanıb ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli olub. 

İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici və ölkədaxili qonaqların iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədə geniş məlumat verilib.

Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan və beynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorların qatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın 28-dən oktyabrın 2-dək paytaxtımızda keçirildiyi, həmin tədbirlərdə dünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılması ətrafında söhbət aparılıb.

Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluq orqanlarında kriminalistikanın nailiyyətlərindən istifadənin səmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninin tədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsal kriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimi yeni fənn proqramlarının əlavə olunması, eləcə də, kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanın rolu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən iclasda təqdimatları keçirilmiş Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti”, “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsaitləri böyük maraqla qarşılanıb.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimi formalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edilir. Bundan başqa, prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıq tələbə və kursantlarının, eləcə də müəllim heyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitində keçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktiv yarışın qaliblərinə Şuranın iclasında təntənəli şəkildə kuboklar və sertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Oxşar yazılar