Azərbaycanda vətəndaş cəmiyyəti və dövlət tənzimləməsi - ARAŞDIRMA
02 iyun 2010 11:45 (UTC +04:00)

Azərbaycanda vətəndaş cəmiyyəti və dövlət tənzimləməsi - ARAŞDIRMA

Ölkəmizdə dövlət-QHT münasibətləri yeni müstəviyə qədəm qoyub

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Ancaq bu prosesdə bir məqam diqqət çəkirdi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində faktiki olaraq dövlət və vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan qeyri-hökumət təşkilatları (QHT) birgə, müttəfiq kimi iştirak etməli olsalar da, bu sahədə fərqli tendensiya müşahidə olunurdu. Bunun əsas səbəbi o idi ki, yeni müstəqillik qazanmış, keçid dövrü yaşayan, erməni işğalına qarşı mübarizə aparan Azərbaycanda milli donor təsisatları formalaşmamışdı. Yeni yaranmaqda olan sahibkarlıq subyektləri də üçüncü sektorun önəmini o qədər anlamırdılar və QHT-lərin layihələrinin maliyyələşdirilməsinə vəsait ayırmağa həvəsli deyildilər. QHT-lərin layihələri əsasən ABŞ və Avropanın müxtəlif fondları və institutları tərəfindən maliyyələşdirilirdi. ABŞ və Avropada fəaliyyət göstərən fondlar, institutlar üçün isə sözsüz ki, ilk növbədə öz dövlətlərinin maraqlarının müxtəlif formalarda həyata keçirilməsi əsasdır. Üstəgəl, əlverişli geopolitik mövqedə yerləşən, Qərblə Şərq, xristian və islam sivilizasiyası arasında körpü rolunu oynayan, mühüm enerji resurslarına malik Azərbaycan maraqların toqquşduğu bir məkandır. Başqa sözlə, əgər Gürcüstan və Ermənistanda Qərbin donor təşkilatları həqiqətən vətəndaş cəmiyyəti quruculuğu prosesinə töhfə vermək istəyirdilərsə və bu səbəbdən bu ölkələrdə onların ayırdıqları maliyyə ilə layihələr həyata keçirən QHT-lərin milli maraqlar prizmasında fəaliyyət göstərmələri sahəsində ciddi problem yox idisə, Azərbaycana münasibətlə vəziyyət fərqli idi.

Azərbaycanda yeni formalaşan, bazası və maliyyə imkanları zəif olan QHT-lərin mühüm qismini öz maraqları istiqamətinə yönləndirmək onlar üçün çətinlik törətmirdi. Az sayda QHT-lərimiz qrant layihələri həyata keçirərkən Azərbaycanın milli maraqlarını nəzərə almağı və səylərini Azərbaycanda həqiqətən vətəndaş cəmiyyəti quruculuğu prosesinə yönəltməyi bacarırdı. Son nəticədə də torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkədə ermənilərlə qardaşlığı təbliğ edən fəal QHT-lər belə ortaya çıxırdı. Azərbaycanda vətənpərvər, hərbi yönümlü QHT-lərin layihələrinə ABŞ və Avropadakı fondlar, institutların bir dəfə olsun belə maliyyə ayırmamaları da danılmaz faktdır. Zaman-zaman Azərbaycanda QHT-lərin bir qismi siyasi proseslərə qarışmaqda, müxtəlif dövlətlərin maraqlarından çıxış etməkdə, hətta onların agenturası funksiyasını yerinə yetirməkdə günahlandırılıb. Azərbaycanda onlarla insanın ölümündə günahkar olan terrorçuları belə siyasi məhbus kimi təqdim edən QHT-lərimizin mövcudluğu fonunda bu iddialar cəmiyyətdə o qədər də təəccüblü qarşılanmırdı. Ümumiyyətlə, dövlət qurumlarının QHT-lərə münasibəti birmənalı olmayıb.

Bütün bunların nəticəsində yaranan mənzərə xoşa gələn deyildi. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin sayının 2-3 dəfə az olması da bir məntiqi nəticə idi. Ölkədə milli maraqları əsas götürərək fəaliyyət göstərən QHT-lərin vəziyyəti də ağırlaşmaqda davam edirdi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-ləri öz müttəfiqinə çevirmək, onların siyasi maraqlardan uzaq, milli maraqlar zəminində fəaliyyət göstərmələrinə nail olmaq, eyni zamanda QHT-lərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa edilməsi prosesində aktiv iştirakını təmin etmək üçün dövlət yollar arayırdı.

Yol xəritəsi

Dövlət 2007-ci ildə yol xəritəsini müəyyənləşdirdi. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasını sərəncamla təsdiqlədi. Dövlət Dəstəyi Konsepsiyasında 15 prioritet istiqamətin müəyyənləşdi. Konsepsiyada prioritet sayılan ilkin istiqamətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə olunması, qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlli, azərbaycançılıq ideyasının təşviqi və Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə bağlıdır.

Ümumiyyətlə, Konsepsiya QHT-lərin vətəndaş cəmiyyəti quruculuğu prosesində bütün istiqamətlərdə fəallaşdırmağa yönəlib. Məsələn, prioritet istiqamətlər sırasında Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi, siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm, texnika, mədəniyyət və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı və əhalinin sağlamlığının qorunması var.

Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və Şuranın Əsasnaməsi təsdiq edildi. QHT nümayəndələri arasında aparılmış seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildi və bununla da Şura fəaliyyətə başladı. Bəs hansı nəticələr əldə olundu?

Statistikanın gözü ilə

Şuranın 2008-ci ildə keçirdiyi maliyyə müsabiqəsində iştirak etmək üçün 361 QHT, 2009-cu ildə 569 QHT müraciət edib. 2010-cu ildə keçirilən birinci maliyyə müsabiqəsinə isə 489 QHT qatılıb. 2008-ci ildə 1 milyon 200 min manat, 2009-cu ildə 2 milyon 68 min manat, 2010-cu ildə birinci maliyyə yardımı müsabiqəsində 1 milyon 155 min 90 manat civarında maliyyələşmə həyata keçirilib. Yəni bu ilin aprel ayına qədər olan statistikanı əsas götürsək, 3 il ərzində maliyyələşən layihələrə cəmi 4 milyon 423 min manatdan çox vəsait ayrılıb. Şuranın “Counterpart İnternational” təşkilatı ilə birgə keçirdiyi müsabiqədə 6 təşkilatın layihəsinin maliyyələşdirilməsi üçün ayrılan 21 min manatı da əlavə etdikdə, bu məbləğ 4 milyon 444 min 90 manat təşkil edir.

Müraciətlərin strukturu da maraqlıdır. Elə təşkilatlar var ki, həm 2009-cu ildə, həm də 2010-cu ildə Şuraya müraciət ediblər. 2009-cu ildə maliyyə müsabiqəsində iştirak etmək üçün müraciət edən 569 təşkilatın 212-i 2008-ci ildə də müraciət edənlərdir. Onların 357-i isə yalnız 2009-cu ildə maliyyə müsabiqəsinə qatılıb. 2010-cu ilə nəzər saldıqda, bu il birinci maliyyə müsabiqəsinə qatılan 489 təşkilatdan 92-i məhz 2010-cu ildə müraciət edənlərdir. 397 QHT isə əvvəlki illər də maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya müraciət ediblər. Bir sözlə, maliyyə müsabiqəsində ilk dəfə və növbəti dəfə iştirak etmək istəyən təşkilatların sayı ili-ildən artıb. Maliyyə müsabiqəsinə qatılmaq istəyən ümumi QHT-lərin sayında da ilbəil artım var. 2010-cu ildə keçiriləcək ikinci maliyyə müsabiqəsindən sonra bu il ümumilikdə 2009-cu illə müqayisə edildikdə, müraciət edənlərin sayında 2 dəfə artım olacağı gözlənilir.

Digər maraqlı bir müqayisə. Ümumilikdə, bu 3 il ərzində, yəni bu ilin aprelinə qədər maliyyə müsabiqələrində iştirak etmək üçün Şuraya 1419 müraciət olub. Təkrar müraciətləri çıxdıqda, Şuraya 810 təşkilat tərəfindən 1419 müraciət daxil olub. Bu ilin fevralı üçün rəsmi statistikaya görə, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş cəmi 2483 QHT olduğunu nəzərə alsaq, deməli, bu QHT-lərin artıq yarıdan çoxu Şuranın maliyyə müsabiqələrinə qatılıb. 3 il üçün bu, kifayət qədər böyük göstəricidir.
Onu da deyək ki, 2008-ci maliyyə müsabiqəsində iştirak edən QHT-lərdən 191-nin layihəsi maliyyələşdirilib. 2009-cu ildə 248 QHT layihəsi üçün Şuradan qrant alıb. 2010-cu ildə isə hələlik birinci maliyyə yardımı müsabiqəsində 199 QHT, “Counterpart İnternational” təşkilatı birgə müsabiqədə isə 6 QHT-nin layihəsi maliyyələşdirilib. Ümumilikdə, 3 il ərzində 644 QHT-nin layihə təklifinə dəstək verilib. 2010-cu ildə Şuranın maliyyə müsabiqələri davam edir. Eyni zamanda sərbəst istiqamət üzrə də layihələrin maliyyələşdirilməsi də həyata keçirilir. Beləliklə, bu il statistikada dəyişmə olacaq, bu rəqəm bir qədər də artacaq.

Şura fəaliyyətə başladıqdan sonra yeni yaranan və rəsmən qeydiyyata alınan QHT-lərin sayı da sürətlə artmaqdadır. Məsələn, əgər 2009-cu ilin aprel ayında Azərbaycanda 2237 QHT qeydiyyata alınmışdısa, 2010-cu ilin fevral ayında bu QHT-lərin sayı 2483 olub. Yəni 10 ayda 246 yeni QHT yaranıb. Bu, QHT-lərin sayında 10 ay ərzində 10 faizdən çox artımın müşahidə olunması deməkdir. Ölkəmizdə QH-lərin fəaliyyəti 24 sahəni əhatə edir və bu QHT-lərdə 5000 insan daimi, bir o qədər insan da müvəqqəti işləyir.

Rasional seçim

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin QHT siyasətinin tənzimlənməsi ilə bağlı yaratdığı dövlət qurumu özünü doğruldur, dövlət-QHT münasibətləri yeni müstəviyə qədəm qoyub. Şuraya QHT sektorunda uzun illər çalışmış və bu sahədəki problemləri bilən millət vəkili Azay Quliyevin sədrlik etməsi də prosesə müsbət mənada öz təsirini göstərməyə bilməzdi. Artıq QHT-lər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni işğalının və yalanlarının ifşası istiqamətində beynəlxalq aləmdə ciddi səylər göstərir, ölkədə vətəndaş cəmiyyətinin inkişafına əhəmiyyətli töhfələr verirlər. Qərbi Azərbaycan və Qarabağla bağlı müxtəlif sənədli filmlərin çəkilməsini, canlı şahidlərin danışıqlarının lentə alınmasını və bu filmlərin xarici dilə tərcümə olunmasını da xüsusi qeyd etmək lazımdır. Şura bu istiqamətdə aparılan və mili maraqlara uyğun olan dövlət siyasətinə dəstək vermək üçün vətəndaş cəmiyyəti institutlarını səfərbər etməyə nail olub.

Düzdür, bu gün Azərbaycanda QHT-lərin maliyyə tələbatı daha böyükdür. Məsələn, Ədliyyə Nazirliyinin statistikasına görə, Azərbaycanda 2009-cu ildə QHT-lərin ümumi büdcəsi rəsmi olaraq olaraq 20 milyon manat olub. Ancaq bu ehtiyacın 30 milyon manat civarında olduğu düşünülür. Bunun müqabilində QHT-lərin layihələrinin maliyyələşməsinə ayrılan vəsaitin həcmi hələlik böyük olmasa da, Azərbaycanın iqtisadi imkanlarının ili-ildən artması QHT-lər üçün nəzərdə tutulan vəsaitlərin də paralel olaraq artacağından xəbər verir. Digər tərəfdən, QHT-lərin lobbisi funksiyasını da yerinə yetirməyə çalışan Şura artıq Azərbaycanda fəaliyyət göstərən iri biznes qurumlarının da QHT-lərin layihələrini maliyyələşdirmələri üçün iş aparır və bu sahə də ciddi nəticələr əldə olunmaqdadır. “Qaradağ-Sement” və Şuranın birgə layihələr həyata keçirməyə başlaması buna sübutdur.

Ötən müddət ərzində Şuranın QHT-lər haqqında cəmiyyətə maksimum məlumatlar verməyə çalışması da diqqət çəkir. Bu məqsədlə “Vətəndaş Cəmiyyəti” jurnalı nəşr edilir, QHT-lərin elektron portalı (qht.xeber.az) fəaliyyət göstərir. İctimai Televiziya ayda bir dəfə QHT-lərlə bağlı ayrıca veriliş hazırlayır. Şura ölkə KİV-ləri ilə sıx əməkdaşlıq edir, QHT-lərin fəaliyyətini işıqlandıran jurnalistlərin mükafatlandırılmasını həyata keçirir.
QHT-lərin layihələndirmə bacarığının artırılması, şəffaf şəkildə fəaliyyətinin qurulması, QHT menecerliyi, üzləşdikləri problemlərin həlli, QHT - hökumət münasibətlərinin daha yaxşı formada tənzimlənməsi, bütövlükdə onların bilik və bacarığının artırılması ilə bağlı çoxlu təlim və tədbirlər də qeyd olunmalıdır.

Ümumiyyətlə, Şuranın Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına nail olmaq üçün dövlətin, beynəlxalq təşkilatların və QHT-lərin səylərini bir araya gətirməyə çalışması kifayət qədər rasional seçimdir. Şura BMT İnkişaf Proqram, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu (Soros Fondu), Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə qrant layihələri həyata keçirir. Proses başlayıb.

Şuranın maliyyə müsabiqəsinə qatılan və qalib gələ bilməyən QHT-lər üçün apelyasiya imkanları yaratması da maraq doğurmaya bilməz. Çünki indiyə qədər Azərbaycanda heç bir donor, beynəlxalq təşkilat belə mexanizm yaratmayıb, hətta donorlar var ki, indiyə qədər təşkilatların keçməyən layihələri haqqında məlumat verməyi də özünə rəva bilməyiblər...

Ramiz Mikayıloğlu

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılmasına həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün təqdim olunur
# 1285

Oxşar yazılar