Dağılmış Bakıxanov-Qaraçuxur yolu bir neçə aydır təmir olunmur
05 aprel 2010 12:30 (UTC +04:00)

Dağılmış Bakıxanov-Qaraçuxur yolu bir neçə aydır təmir olunmur

“Beş-altı aydır dağılıb buralar”. Tak-tak, tak-tak... “Həm canımız ağrıyır, əsəbiləşirik...” Tak-tak... “Həm də maşınımız sökülür”. Tak-tak... “Hər ay maşın yığdırırıq bu yollara görə”. Tak-tak-tak...

Söhbət Lent.az-ın müxbiri ilə Bakıxanov və Qaraçuxur qəsəbələrini birləşdirən yolda və həmin yol barədə gedir. Taqqıltı da mikroavtobusdan çıxır.

Söhbətin getdiyi marşrutun sərnişinləri avtobusun nasaz vəziyyətdə olmasından, çuxura düşdükcə tullanmasından, yoldakı tıxacdan şikayətlənir, sürücü Əhməd (soyadını bildirmək istəmədi) isə kələ-kötürlü yola görə cavabdeh şəxsləri qınayır.

Bakıxanov və Qaraçuxur bələdiyyələrindən Lent.az-a verilən məlumata əsasən, iki qəsəbə arasında birləşən Gənclik və Əhməd Mehbalıyev küçələrindəki magistralda 2009-cu ilin ortalarında su borularının dəyişdirilməsi üçün qazıntı işləri gedib. Məlumata görə, işin sifarişçisi “Azərsu” Səhmdar Cəmiyyəti, işin icraçısı isə “Azəryolservis” Nəqliyyat Səhmdar Cəmiyyəti olub.

Ərazidə yaşayanların dediklərinə görə, iş bitdikdən – yol çəkildikdən sonra magistral tam təmir olunmayıb. Magistralda hərəkət edən avtobus və taksi sürücüləri Lent.az-a təmirdən danışarkən onun səviyyəsini “kor-koranə” ifadəsi ilə izah ediblər. “Mən özüm Qaraçuxurda qalıram. Şəxsi “Mercedes” avtomobilimlə taksi sürücülüyü edirəm. Amma bu yollarda maşın sürmək heç sərf eləmir. Maşın tökülür” - deyən Hafiz Məmmədov “yazın ki, buraları düzəltsinlər” sözləri ilə Lent.az-dan kömək istəyib.

Qaraçuxur bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev dağılmış yolun magistral yol olduğu üçün bələdiyyənin səlahiyyətində olmadığını bildirib: “Qanunla bələdiyyələr ancaq məhəllə daxili yollara cavabdehdir. Ancaq biz yenə də işləri görən “Azəryolservis”ə müraciət etdik və gəlib yolun Qaraçuxur tərəfə düşən hissəsini düzəltdilər”.

Bakıxanov bələdiyyəsinin sədri Nadir Əsədov magistralın çəkilməsində çox maraqlı olduqlarını söyləyib. “Azəryolservis”ə bir neçə dəfə məsələ ilə əlaqəli müraciət etdiyini deyən Nadir Əsədov qarşı tərəfdən hər zaman “bu yaxınlarda düzəldəcəyik” cavabını alıb. Bakıxanov bələdiyyəsinin sədri Lent.az-a həmin yolun düzəldilməsində şəxsi marağının da olduğunu bildirib: “Küçənin adını daşıdığı şəhid Əhməd Mehbalıyev mənim xalam oğludur. Onun adını daşıyan küçənin bu gündə olmasını mən də istəməzdim. Təmiri üçün əlimdən gələni edirəm”.

Ərazidə su borularının yenilənməsi işinin sifarişçisi “Azərsu” Səhmdar Cəmiyyəti Lent.az-a bildirib ki, onlar təmirdən sonra yolun əvvəlki halına salınması üçün göstəriş veriblər. İşi görən “Azəryolservis” Səhmdar Cəmiyyətinə bütün iş üçün vaxtilə pul ödənilib. Lakin eyni iş üçün ikinci dəfə vəsait ayırmağı düşünmürlər.

“Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, təmsil etdiyi müəssisə işi hələ bitirməyib. P.Mürsəliyev yolun bir hissəsini artıq düzəltdiklərini, bərpa işlərinin hələ davam etdiyini, yaxın günlərdə isə yolun qalan hissəsinin də tamamilə düzələcəyini söyləyib. “Azəryolservis”in rəsmisi məsələ ilə əlaqədar cavabdeh şəxslərlə bir daha əlaqə saxladığını deyib. O, işin tez bir zamanda başa çatdırılması üçün bir daha göstəriş verildiyini bildirib.

Hələlik isə Bakıxanov-Qaraçuxur və Qaraçuxur-Bakıxanov istiqamətində hərəkət edən avtomobillər taqqıldayacaq, tullanacaq, tıxaclarda ilişəcək. Elə bu ərazidən yaşayan, hər gün bu yollardan dəfələrlə keçən, fəhləli-tacirli-məmurlu-generallı sakinlər da eyni qayda ilə bu yolda hərəkət edəcək...

Tak-tak-tak...

Vüqar Baba
# 722

Oxşar yazılar