Tom Neuman: “Yəhudi icması Azərbaycana həmişə dəstək verəcək” - MÜSAHİBƏ
11 iyun 2009 20:00 (UTC +04:00)

Tom Neuman: “Yəhudi icması Azərbaycana həmişə dəstək verəcək” - MÜSAHİBƏ

Qısa arayış. ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutu Amerikanın aparıcı Yəhudi araşdırma mərkəzlərindən biridir. Qurum, əsasən, ABŞ-ın aparıcı hərbi generaliteti ilə əməkdaşlıq edir. Sabiq vitse-prezident Dik Çeyni, ölkənin BMT-dəki səfiri Con Bolton və bir çox digər tanımış simalar təşkilatın Məsləhətçilər Şurasında olublar. Yarandığı 1976-cı ildən bəri 200 yaxın Amerika generalı və admiralı MTMYİ-nin bir çox səfər və proqramında iştirak edib.

- İsrailin prezidenti Şimon Peresin Azərbaycana səfər etməsini necə qiymətləndirirsiniz?

- Bu bizim həmişə dediklərimizi sübut edir. İsraillə Azərbaycan arasında tarixi və sağlam münasibətlər var. Azərbaycan Qərb yönümlü dövlətdir, İsrail və ABŞ-ın bir çox dəyərlərini özündə birləşdirib. Azərbaycan, həmçinin, demokratik ölkədir. İndi dünya iki cəbhəyə bölünüb. Birinci cəbhə 3000 il əvvəlki kimi, keçmişə baxaraq, irəli getmək istəməyənlərdir. Azərbaycan isə irəliyə getmək istəyən və modernləşən ikinci qrup dövlətlərə aiddir. Buna görə də İsraillə Azərbaycanın təbii müttəfiqliyi var. Azərbaycan İranla sərhədi və münasibətləri olan dövlətdir. İran isə Ermənistanla sıx əməkdaşlıq edir. İsrailin də İranla problemləri var. İran qaranlıq dünyanın ən ucadan danışan səsidir. Azərbaycanla İsrail iki kiçik dövlət olmaqla, “birinin mövcudluğu digərini faydalandırır və əksinə” prinsipini təsdiq edir.

- Cənab Peresin səfəri Azərbaycana nə verəcək? Bu səfər regionda Azərbaycan-Türkiyə-İsrail üçbucağının güclənməsinə səbəb ola biləcəkmi?

- Hesab edirəm ki, əvvəllər mövcud olan üçbucaq artıq yoxdur. Əgər məndən bu sualı 2-3 il əvvəl soruşsaydınız deyərdim ki, bu uç ölkənin əməkdaşlığı sayəsində regionun gözəl gələcəyi qurula bilər. Son il yarım, iki il ərzində isə Türkiyə öz mövqeyini, istiqamətini dəyişib. Türkiyə indi Ermənistanla birbaşa əlaqələr quraraq problemlərini həll etmək istəyir. Burada “Rəsmi Ankara həmin problemlərin həllində Azərbaycanın mövqeyini müdafiə edəcəkmi” sualı yerinə düşür.

- Yəhudi lobbisi “907-ci düzəliş”in dondurulmasında mühüm rol oynayıb. Necə bilirsiniz, İsrail prezidentinin səfəri bu istiqamətdə müsbət irəliləyişlərə töhfəsini verə bilərmi?

- Azərbaycanın Yəhudi icması ilə münasibətləri indi güclüdür. Geniş deyil, amma güclüdür. Bizim azərbaycanlılara böyük hörmətimiz var. Azərbaycanın yaxşı olması bizim üçün vacibdir. Dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın, onun enerji ehtiyatlarının, təhlükəsizliyinin, iqtisadiyyatının artması Amerika, Qərb və İsrailin maraqlarına xidmət edir. Bu, eyni zamanda, bir ölkənin həm Şərq, həm də Qərb olmasının mümkünlüyünü sübut edir. Burada heç bir ziddiyyət yoxdur. İran Qərbin və Şərqin bir yerdə mövcudluğunun mümkün olmadığını göstərir, bildirir ki, siz yalnız birinə sahib olmalısınız. Azərbaycan isə Qərb və Şərq mədəniyyətlərinin birgə yaşamasının mümkünlüyünü sübut edən gözəl nümunədir. Azərbaycan Yəhudi icmasının dəstəyini həmişə hiss edəcək.

- İran İsrail prezidentinin səfərinə qısqanclıqla yanaşır. Onlar bu səfərin qarşısını almaq üçün hansısa addımlar ata bilərlərmi?

- Onlar nəsə etsələr, bu, cənab Peresin səfərinə görə olmayacaq. İran Azərbaycanı sevmir. Ölkəniz İranın regiondakı planlarına uyğun gəlmir. Əgər İrana görə Azərbaycan İsrail prezidentini dəvət etməsə, onda siz öz ölkənizin müstəqilliyini və onun xüsusiyyətini dəyişmiş olarsınız. İranın istəyi və ya arzusu üzərində qurulan siyasət, dostluq və müttəfiqlik ölkənin müstəqilliyini sual altına ala bilər. Onda Siz daha müstəqil Azərbaycan olmayacaqsınız. İnanıram ki, cənab Peresin səfəri məhsuldar və uğurlu olacaq. Gələcəyə gedərkən tarixi əlaqələrdən başqa, ölkələrimiz çox şeylər əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309

Oxşar yazılar