Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Fətullayev Nurəddin Məhəmmədəli oğlu haqqındadır.
Fətullayev Nurəddin Məhəmmədəli oğlu 1973-cü il iyunun 30-da Cəbrayıl rayonunda anadan olub. Orta məktəbi Cəbrayıl rayonu Maksim Qorki adına məktəbdə başa vurub. Gəncədə peşə məktəbində təhsil alan Nurəddin müharibə başlayan kimi Gəncədən Cəbrayıla qayıdıb və iyirmi yaşında könüllü olaraq cəbhəyə yollanıb. Nurəddin Cəbrayılda gedən ağır döyüşlərdə qəhrəmanlıqla iştirak edir. Ancaq Sur döyüşləri zamanı şəhid olur. Rayon mərkəzi ermənilər tərəfindən davamlı atəşə tutulduğundan onun nəşi 15 avqust 1993-cü il, gecə saat on ikidə maşın faralarının zəif işığı altında ata-baba məzarlığında dəfn olunur.
İş saatının ən gərgin vaxtında telefonuma zəng gəlir. Əvvəl açmaq istəmirəm, sonra Azər Telmanın adını görüb cavab verirəm. Azərlə iki, üç yaş fərqimiz var. Bir rayondanıq. Xətrini istədiyim yaxşı insanlardan biridir. Həm də bir az qardaşıma oxşayır.
Azər bir az ehtiyatla zənginin səbəbini deyir:
- Samirə, sən cəbrayıllı jurnalistlərdən, bizə bir köynək yaxınsan. Bir məsələ var, bəlkə kömək edəsən.
İstəyinin nə olduğunu xəbər alıram. Məlum olur ki, Cəbrayıl işğal olunan ərəfədə şəhid olan Nurəddin Fətullayevin ailəsi, anası və bacısı otuz ildən sonra onun qəbrini ziyarət etmək istəyirlər.
Bununla bağlı necə kömək edəcəyim barədə çox baş sındırmıram. APA tv-nin rəhbəri Orxan Məmmədli ilə əlaqə saxlayıram. Bəzi məsləhətləşmələrdən sonra Nurəddinin məzarını ziyarət etmək üçün səfər hazırlığı baş tutur.
Nurəddinin anasıgil yaşayan evə səhər saat altıda dan yeri ağaranda çatıram. Cəbrayıla Nurəddinin anası Gövhər xanım, qardaşı Niyaməddin, bacısı Aytənlə yola düşəcəyik. Evə girəndə, ailənin həyəcanlı və təlaşlı olduğunu görürəm. Operatorumuz Ceyhun Mustafayev kameranı və işıqları quraşdırana qədər mən Gövhər xala ilə danışmağa çalışıram. Həyəcanlı ana əlindəki dəsmalı, dərmanı hara qoyacağını bilmir. Tez-tez Aytəni, Niyaməddini səsləyir:
- Az mənim təzyiq dərmanım nejoldu? Jiletimin cibindən dəsmalımı gətir.
Sonra mənə baxıb deyir, mən nə danışajam, heç bilmirəm. Ürəyim doludu e, dolu. Nurəddinin torpağını görməyə gedirəm. Deyirlər erməni orda daşı daş üstündə qoymayıb. Ömrümə nə qədər qalıb bilmirəm. Heç olmasa, gedim balamın qəbrini görüm.
Yolboyu Aytən qardaşı haqqında danışır, anasının yadında qalmayanları da xatırlayıb bizə nəql edirdi. Qardaşının torpağını, məzarını görməyə getdiyi üçün sevindiyi qədər, həm də 9 il əvvəl dünyasını dəyişən atasının bu günü görə bilməməsi üçün məyus olurdu:
- Atam, bu günü görmədi. O, dünyasını dəyişəndə, evdə onun yanında bircə mən idi. Qardaşım həkim ardınca, anam da aptekə getmişdi. Atam yarıaçıq gözlərlə mənə baxırdı. Hiss edirdim ki, nə isə istəyir, amma deyə bilmir. Sonra o, baxışlarını məndən yayındırıb Nurunun divara vurulan şəklinə baxdı. Onda anladım ki, o, Nuru ilə vidalaşmaq istəyir. Divardakı şəkli açıb onun sinəsinə qoydum. Əllərini çarpazladı, şəkli qucaqladı. Gördüm atamın gözlərindən iki damla yaş axıb boynuna düşdü. Elə şəkli papamın sinəsinin üstünə qoyandan sonra o, canını tapşırdı.
Şükürbəyli kəndinə çatırıq, oradan rayona ən gec məsafə on beş, iyirmi dəqiqədir. Hamı susqun, kədərli, illərin yorğunu kimi yollara, dağılıb, uçurulmuş evlərə baxır. Qarşımızda hər iki tərəfi düşmən tərəfindən xarabalığı çevrilmiş, otuz il öz sakinlərini, insanlarını gözləmiş evlər var.
Aytənin gözlərindən yaş süzülür, ana göz yaşlarını gizlətmək üçün pəncərədən çölə baxır. Aytən deyir ki, qəribə taleli, ömrü yarımçıq, yaraşıqlı Nurəddin orta məktəbdə oxuyanda sinif yoldaşı ilə bir-birlərini sevirlər. Nurəddin məktəbi bitirib Gəncəyə təhsilini davam etdirmək üçün gələndə ailəsi onun sevdiyi qızı başqasına verir. Dillərə dastan olan sevgi bu qırılır, yarımçıq qalır.
Sonralar Nurəddin Gəncədə məhsəti türkü olan bir başqa qızla tanış olur, ona bağlanır. Amma nə o, Elnurəni unudur, nə də Elnurə onu. Aytən qardaşının sevdiyi qızla bir az mesajlaşandan sonra sanki toxtayıb danışır:
- Sən indi bilsən ki, mən kiminlə yazışıram, inanmazsan. Elnurə mənə yazıb. Nurunun sevdiyi qız. Mənə deyir, get, mənim də ürəyimdə ona deyiləcək o qədər söz var ki...
Aytən söhbətinə davam edir:
- Nurəddin şəhid olandan dörd il sonra Elnurənin bir qızı olur. Bu xəbəri heç kim ona verməyə cürət etmir, Elnurə Nurunun ölümünü dörd il sonra bilir. Əli heç yerə çatmır. Qızına mənim adımı qoyur. Sonralar mənə deyirdi ki, hər dəfə qızıma Aytən deyəndə elə bilirəm, Nurunu çağırıram.
Rayonun girəcəyinə çatıb maşınlardan düşürük. Niyaməddin bizi əmin edir ki, məzarlığı da, qardaşının məzarını da gözüyumulu taparam. Onun yaddaşına güvənirik, yenidən maşınlara əyləşib Niyaməddinin olduğu maşını təqib edirik. Kənardan köhnəlmiş sarımtıl başdaşları dikələn məzarlıq görsənir. Aytən maşından düşüb özünü irəli atır. Həyəcanlı ana, hönkürtü ilə ağlayır. Niyaməddin hər kəsdən irəlidə, heç kimə əhəmiyyət vermədən düz qardaşının məzarına doğru addımlayır. Ağlayan Aytəni saxlayıram. Ondan bir az toxtayıb, sakitləşməsini xahiş edirəm:
- Dayan, belə olmaz. Bir az toxta, uzaqdan bax, hazırlaş. Onsuz da çatmışıq, indi məzarın yanına gedəcəksən. Ürəyin istədiyin qədər təmkinlə ağlayıb, sakitləşərsən.
Aytən sözlərimi dinləyir, sakitləşməyə çalışır. Ancaq göz yaşları dinmir. Bulaq kimi üz gözünü isladır. Onun qoluna girirəm, yavaş-yavaş məzara tərəf aparıram. Məzara çatmağa az qalmış qolumdan çıxıb özünü 28 illik həsrətinin üstünə atır.
Üç ildən xeyli vaxtdır şəhid ailələri ilə görüşən, onların hər dərdini səbirlə, dözümlə dinləyib yazan biri kimi mən bu dəfə Aytənin ah-naləsinə dözə bilmirəm.
- Gəldim, ay Nuru, gəldim. Körpə balam, illərlə bizi gözlədin. Gələ bilmədik ay Nuru, gələ bilmədik. Atam sənin bir köynəyinlə bu dünyadan getdi ay Nuru, ay Nuru...
Ömrü boyu əziyyətdə olan, müharibənin ən qızğın vaxtlarında belə tibb bacısı işləyən, cəbhədən gətirilən əsgərlərin yaralarına məlhəm olan Gövhər ana 28 ildən sonra balasının məzarı başında dayanır. Oğlunu körpə uşaq kimi bayatılayıb, ağlayan ananın səsi içi mən qarışıq hamımızı ağladır:
Dağlar başı ala qar,
Ala çiskin, ala qar,
Sən yadıma düşəndə,
Başımda saçım ağlar
İyirmi yaşlı körpə balam laylay.
Nuru balam can laylay.
Aytən əlləri ilə qardaşının məzarındakı torpağı xışmalayır, üz gözünə sürtür, başını qardaşının soyuq, hənirsiz məzarına qoyur, onu səsləyir. O, ehtiyatla məzarın baş tərəfini sığallayır. Elə bil torpağı yox, qardaşının üzünü oxşayıb, ona tumar çəkir. Gövhər ana kənardakı bir daşın üstünə əyləşib astadan heysiz-heysiz inildəyir, amma Aytən susmur. Elə hey dil deyib ağlayır. Niyaməddin kənara qoyduğu beli götürüb məzarın ətrafını səliqəyə salır. Niyaməddin məzarı səliqəyə salır. Dəmirdən hazırlatdığı çərçivəni məzarın baş tərəfində bərkidir. Az keçmir, Nurəddinin gülümsər, yaraşıqlı çöhrəsi torpağından boylanır. Sinəsi üzərinə sərilən üç rəngli bayraq asta-asta xışıldayır.
Nurəddini, uğrunda şəhid olduğu torpağına və bayrağına tapşırıb geri qayıdırıq.
Bakıya gələndən sonra bu reportajı yazarkən ağlımdan yalnız bir fikir keçir. Görəsən Nurəddinin sevdiyi xanımla əlaqə qura bilərəmmi, mənimlə danışıb keçmişindən, Nurəddindən danışarmı?
Elnurənin əlaqə nömrəsini Aytəndən alıb ona zəng vururam. Dəstəyin o başından sakit, təmkinli, ilıq qadın səsi gəlir:
- Nurəddin haqqında danışmağa həmişə hazıram. Torpaqlarımız alınanda hər şeydən çox Nurəddin üçün sevindim. Ona görə ki, o, bu torpaq uğrunda can qoyanlardan idi. İkinci Qarabağ müharibəsində qazanılan qələbədə mənim şəhid qəhrəmanımın da payı vardı.
Nurəddinlə mən eyni sinifdə oxumuşuq, hətta eyni partada əyləşirdik. Qəribədir ki, onunla həm daxilən, həm də zahirən bir-birimizə oxşayırdıq. O zaman sevgili kimi yox, sinif yoldaşı kimi çox istəyirdik. Bir gün Nurəddin gəlib mənə dedi ki, Aytən səni görmək istəyir. Mən fikirləşdim ki, yəqin ki, məktəb qızlarımızdan biri olan Aytən məni çağırır. Getdim onun yanına, dedim, eşidirəm, nə sözün var. Aytən mənə dedi ki, mən səni çağırmamışam. Qayıtdım Nurəddinin yanına dedim, axı Aytən məni çağırmayıb. Onda Nurəddin utana-utana dedi ki, o Aytən yox, mənim bacım Aytən. Mən onda başa düşdüm ki, Nurəddinin məndən xoşu gəlir. O vaxt bilmirəm bu sevgi idi, ya hədsiz dərəcədə uşaqlı istəyi. Hər nə idisə, bu hiss bizim üçün çox xoş idi. On birinci sinfi qurtarana qədər bizim bir-birimizdən heç bir sirrimiz, sözümüz olmadı. İndinin özündə belə mən hansısa əhvalatı, hadisəni danışanda Nurəddinin yaxınları məndən soruşur ki, bunu sən haradan bilirsən, ancaq ailə üzvlərimiz bilirdi.
Yadıma gəlir, bizi müəllimlərimiz həmişə bir-birimizdən ayırırdılar. Amma biz gedib sözü bir yerə qoyurduq, oturduğumu yeni parta yoldaşımızla dalaşırdıq. Bizi təzədən qaytarıb birlikdə otururduq. Son sinfə qədər biz birlikdə oturduq.
- Bəs bir-birinizə bu qədər yaxın olduğunuz halda niyə ayrıldınız?
- Bizim ayrılma səbəbimizi mən bircə kəlmə ilə vurğulayım. Nurəddin dost üçün sevdiyi qızdan, vətən üçün canından keçən oğlan idi. O, öz sevgisini dostu üçün öldürdü. Yəni o, dostunu çox sevirdi, vətənini də həmçinin. O, müharibəyə getməyə də bilərdi. Arxa cəbhədə qalardı. Amma özü istədiyi üçün getdi. Nurəddin doğurdan da bizim sinfin gözü idi, heç kimin xətrinə dəyməzdi. O yaşda, o dövrdə elə saf, elə mərd oğlan az-az olardı. Hamıya sevgi ilə, hörmətlə yanaşırdı.
Beləliklə taleyi Nurəddinlə birləşməyən Elnurə başqa ailə həyatı qurur, Cəbrayıldan başqa şəhərə köçür. Həmin ərəfədə isə Nurəddin şəhid olur. Onun şəhid olma xəbərini Elnurəyə heç kim demir. O, özü də Nurəddinin ölümünü ağlına belə gətirmir:
- Mən çox tez ailə qurdum. Ana olana qədər Nurəddinin şəhid olma xəbərini bilmədim. Yəni haradasa üç il məlumatsız qaldım. Ailəmdə qısqanclıq olduğundan mən də Nurəddin haqqında çox maraqlana bilmirdim. Amma arada imkan tapan kimi bacılarımdan, anamda soruşurdum ki, Nurəddin hanı, niyə ondan bir xəbər yoxdur? Həmişə hiss edirdim ki, məni yayındırırlar, gah deyirlər yəqin Gəncədədir, gah da müharibədə olduğunu söyləyirdilər.
Bir gün anam mənə dedi ki, sənə bir deyim. Sən bunu onsuz da nə vaxtsa, kimdənsə eşidəcəksən. Ondansa, elə məndən eşit. Biz rayondan çıxan günü Nurəddin şəhid oldu. Biz onu rayonda dəfn edib gəldik. Bu xəbər mənə çox pis təsir etdi. Sonralar mən xarici ölkəyə köçdüm, orada yaşadım. Ordan-burdan ölümünün təfərrüatlarını öyrəndim. İnan ki, onun ölümü mənə çox pis təsir elədi. Bu günə qədər də nə mən onun özünü, nə də şəhid olma xəbərinin məndə yaratdığı əhvalı unuda bilmirəm.
İndi sosial şəbəkələr var, adamlar bir-birini rahatlıqla axtarıb tapa bilir. Amma o zamanlar belə deyil. Ona görə də mən onun bacısı Aytəni çox axtardım. Onu tapan gün bir gecə səhərə qədər ağladım.
Sizin onun ailəsi ilə Cəbrayıla, onun məzarını ziyarət etməyə getmək xəbərinizi eşidəndə, mən çox kövrəldim. Əslində Cəbrayıl işğaldan azad olunanda, hərbçi tanışlarımız Nurəddinin qəbrinin şəklini, videosunu çəkib mənə atmışdılar. Amma Nurəddinin anasının illərlə ora getmək istəyini bilirdim və ən çox onun getməsinə ağladım. Bir şəhid anası üçün bu özünüz bilirsiniz nə deməkdir. İnşallah, bir gün mən də gedib, şəhid qəhrəmanımın məzarını görərəm.