“Facebook” sosial şəbəkəsində bir qrup gənc xalq artisti Rasim Balayevin istintaqa çağırılmasına etiraz etmək məqsədi ilə kampaniya təşkil etmək qərarına gəlib. Lent.az-ın məlumatına görə, gənclər bununla bağlı “Rasim Balayevin məsuliyyəti bizim məsuliyyətimizdir” adlı tədbir təşkil ediblər. Gənclər yanvarın 26-da saat 16:00 Vergilər Nazirliyinin qarşısına toplaşmağı qərara alıblar.
Xalq artisti Lent.az-a açıqlamasında gənclərin bununla bağlı aksiya keçirmələrinə gərək olmadığını deyib: “Mən xəbər tutdum ki, gənclər buna etiraz olaraq aksiya keçirmək istəyirlər. Sağ olsunlar, məni sevirlər. Amma buna gərək yoxdur. Mənə aksiya lazım deyil. Axı məni tutmurlar, Heç mənim bir günahım da yoxdur. Sadəcə, İttifaqla bağlı istintaq işi gedir, mən də onların suallarına cavab verirəm. İstintaq hələ davam edəcək. Gəlin gözləyək görək nəticə necə olur”.
Bu gün Azadlıq Radiosuna müsahibəsində xalq artisti istintaqda dindirilməsi ilə bağlı suallara cavab verib. O, bəzi sənədlərə imza atdığını, amma bu sənədlərin qanunsuz sənədlər olmadığını deyib: “Müəyyən sənədlər vardı. Həmin sənədlərdəki imzanın mənim olub-olmadığını soruşdular. Mən də dedim, bəli. O vaxt Rüstəm müəllim Həsən Seyidbəyli küçəsində 7 mərtəbəli yaşayış binası tikdirib, indi onun birinci mərtəbəsində də “İbrus” teatrı yerləşir. Mən də orada Kino İttifaqı, sifarişçi kimi ancaq sənədlərə qol çəkmişəm və həmin ev barədə məndən soruşdular. Dedim, mən sənədlərə qol çəkmişəm, amma tikintidə iştirak etməmişəm və heç evlərin nə qədər sahəsi var, onu da bilmirəm. Bununla bağlı suallar oldu. Bu ev Kinematoqrafçılar İttifaqı üçün yox, başqa adamlar necə ev tikir, bu da elə. İstəyib ki, bir ev tiksin. Məndən soruşdular ki, hansı pulla tikib? Dedim, mən onu deyə bilmərəm ki, o, bu binanı şəxsi pulu ilə, ya kreditlə tikib”.
Daha sonra Rasim Balayev Vergilər Nazirliyinin İttifaqı ümumilikdə 35 min manatdan çox vergidən yayınmaqda və vəsait mənimsənilməsində etdiyi ittihamlarına da aydınlıq gətirib: “2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına Mədəniyyət və Turizm Nazirliyi pul ayırıb. Həmin pulun vergisi ödənib, amma sonradan pulla bağlı nazirliyə müraciət olunub və ittifaqa əlavə 30 min pul verilib. Həmin 30 min manatın Əlavə Dəyər Vergisi (ƏDV) ödənməyib. Bizim mühasibat o vaxt nəyi isə tam anlamayıb. Heç mən də bilmirdim. Sən demə, tədbir üçün ayrılan pula 9 min də vergi kimi əlavə olunmalıymış. Biz əvvəl İttifaqa ayrılan 300 min manata görə 54 min manat vergi ödəmişik, amma sonra verilən pula görə yox. Nazirliyə həmin vəsaitin ittifaqın hesabına ödənilməsi ilə bağlı müraciət etsək də, hələ ki, nazirlik bunu ödəməyib. Dekabrda Vergilər Nazirliyi bu məsələni araşdıranda dedik ki, həmin vəsaitin ödənilməsinə etiraz etmirik. Sadəcə, o pulu nazirlik bizə ödəmədiyindən belə bir vəziyyət yaranıb. Əslində, nazirlik bu məsələdə səhlənkarlıq edib. Biz nazirlikdən hələ bir cavab almamış, bu işi aparıb Vergilər Nazirliyinin istintaq departamentinə veriblər”.
Qeyd edək ki, tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı başlanılan cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir.