Dahi Üzeyirdən yadigar qalan sənətkar 90-nı haqladı
21 yanvar 2013 18:39 (UTC +04:00)

Dahi Üzeyirdən yadigar qalan sənətkar 90-nı haqladı

Bu gün Şərqdə ilk dəfə opera yazan qadın Şəfiqə Axundovanın 89 illiyidir. Ad günündə Lent.az-a danışan “Şöhrət ordenli” xalq artisti gələn il yubileyini səbirsizliklə gözlədiyini deyib: “Məni yada salanların hamısına təşəkkür edirəm. Gələn il inşallah yubileyim keçirilər, orada görüşərik. Allah hamıya kömək olsun. Mənə də qismət etsin ki, yubiley sevincini yaşayım”.

 

O bildirib ki, səhər saatlarından etibarən qohumları və tanışları onu təbrik etməyə gəlir: “Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gəlmişdi. Məni təbrik etdi. Bir də Gülyaz və Gülyanaq bacıları gəlmişdi. Amma mənim mahnımı oxuyan müğənnilərdən heç kim yada salmadı”.

 

 

Anaların himnini - "Lay-lay"ı yazan bəstəkar, Azərbaycan himnini öz səsi ilə ilk dəfə oxuyan Azərbaycan vətəndaşı, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundova...

 

O, 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə “Şöhrət ordeni” alıb.

 

Saysız-hesabsız mahnının müəllifi olan, ömrünün 89-cu ilini yaşayan, dahi Üzeyir Hacıbəyovdan yadigar qalan sənətkar 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

 

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə  "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. Onun 600-dən artıq əsəri var.

 

Doğum gününüz mübarək, Böyük Sənətkar!

 

http://www.youtube.com/watch?feature=player_embedded&v=k9FQTjnm2GY#!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar