Azərbaycanın PL/TMM sahəsində təcrübəsi artır
02 mart 2011 17:04 (UTC +04:00)

Azərbaycanın PL/TMM sahəsində təcrübəsi artır

Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində aparılan mütərəqqi islahatlar, bu sahədə potensialın gücləndirilməsi tədbirləri beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Maliyyə Monitorinqi Xidmətindən Lent.az-a verilən məlumata görə, PL/TMM sahəsində peşəkar kadrların hazırlanması bu qurumun strateji prioritetləri sırasına daxildir. Ötən dövr ərzində Maliyyə Monitorinqi Xidmətinin 20 nəfər əməkdaşı xarici ölkələrdə keçirilən peşəkar təlim proqramlarında iştirak ediblər. O cümlədən, 4 əməkdaş Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirici sertifikatını əldə edib, 2 nəfər nüfuzlu ACAMS təşkilatının (Pulların Leqallaşdırılmasına Qarşı Sertifikatlaşdırılmış Peşəkarlar Assosiasiyası) peşəkar təlim proqramlarını müvəffəqiyyətlə bitirərək bu təşkilata həqiqi üzv qəbul edilib, digər 2 nəfər əməkdaş isə ACAMS-a üzvlüklə bağlı prosedurların son imtahan mərhələsinə keçib.

Maliyyə Monitorinqi Xidmətindən bildirirlər ki, PL/TMM sisteminin inkişafı istiqamətində əldə etdiyimiz nailiyyətlərə görə ölkəmizə beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək etimadın daha bir bariz nümunəsi kimi Azərbaycan Latviyanın PL/TMM sahəsində milli sisteminin Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən həyata keçiriləcək IV raund qiymətləndirilməsində iştirak edən 4 ölkədən biri təyin edilib. Ölkələrin PL/TMM sahəsində milli sisteminin qiymətləndirilməsi üçün MONEYVAL üzvü olan ölkələrdən üç ekspert, FATF-ın üzvü olan ölkələrdən isə bir ekspert cəlb edilir. Bununla da Azərbaycan ilk dəfə olaraq digər dövlətin PL/TMM sisteminin hüquqi və institusional aspektlərinin qiymətləndirilməsində iştirak edəcək. Latviyanın PL/TMM sahəsində IV raund qiymətləndirilməsi mayın 9-dan 14-dək keçiriləcək.

1997-ci ildən etibarən fəaliyyət göstərən Avropa Şurasının MONEYVAL Komitəsi öz üzvlərinin PL/TMM sahəsində milli sistemlərinin IV raund qiymətləndirilməsinə 2010-cu ildən başlayıb. Sloveniya və Macarıstan üzrə bu prosedurlar artıq yekunlaşıb, Azərbaycanının IV raund qiymətləndirilməsi isə MONEYVAL-ın 2013-cü il İş Planına salınıb. Dövlətlərin PL/TMM sisteminin IV raund qiymətləndirilməsi effektivlik məsələlərinin ön planda olması ilə səciyyələnir. Belə ki, əgər II və III raund qiymətləndirmədə hüquqi və institusional bazanın FATF-ın 40+9 Tövsiyəsinə uyğunluğu müəyyən edilirsə, IV raund formatında PL/TMM sisteminin effektivliyi və qanunvericiliyin praktiki tətbiqi meyarları üzrə qiymətləndirmə aparılır.
# 1114

Oxşar yazılar