Dünya Bankının baş ofisində Azərbaycan günləri keçiriləcək
01 mart 2011 17:23 (UTC +04:00)

Dünya Bankının baş ofisində Azərbaycan günləri keçiriləcək

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan Ofisinin təşkilatçılığı ilə 15-16 mart tarixlərində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçiriləcək.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1992-ci ildən etibarən Dünya Bankı ilə Azərbaycan arasında qurulan əməkdaşlıq nəticəsində Dünya Bankı Azərbaycana bazar iqtisadiyyatının qurulması, yoxsulluğun azaldılması, modern infrastrukturun yaradılması və maliyyə sektorunun inkişafında aktiv dəstək göstərib. Dünya Bankının Vaşinqtondakı binasında keçirilən Azərbaycan günlərində də Dünya Bankı ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq qeyd olunacaq, bu çərçivədə keçiriləcək yüksək səviyyəli görüşlərlə Azərbaycan və Dünya Bankı arasındakı əlaqələr və dialoq daha da möhkəmləndiriləcək. Azərbaycan günləri çərçivəsində Azərbaycan mədəniyyəti də geniş təbliğ olunacaq.

Dünya Bankının Vaşinqtondakı baş ofisində keçiriləcək tədbirdə iştirak etmək üçün Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-a səfər edəcək. Səfər çərçivəsində əvvəlcə Mərkəzi Bank və Dünya Bankının nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan günlərinin təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimdə Dünya Bankının binasında xalçaçılıq sərgisinin təşkili, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı Azərbaycan milli xörəkləri, həmçinin Azərbaycan musiqi incilərinin təqdim edilməsi, eləcə də Azərbaycanı tərənnüm edən fotoqalereyanın nümayiş etdirilməsi nəzərdə tutulub. Dünya Bankındakı Azərbaycan günləri çərçivəsində Azərpoçt layihəsinin uğurlu layihə kimi təqdimat mərasimi də keçiriləcək. İki gün ərzində ölkəmizin tarixi, təbiəti, zəngin mədəni irsimizin təbliği məqsədilə Azərbaycan mədəniyyətindən bəhs edən qısametrajlı video materiallar nümayiş etdiriləcək. Tədbirdə həmçinin, Azərbaycan haqqında məlumatlandırıcı broşur, kitabça, buklet, disk, kitab, plakat, suvenir və digər promo-materialların sərgilənməsi də nəzərdə tutulub.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqram çərçivəsində Dünya Bankının prezidenti Robert Zollik, seçki qrupunun icraçı direktoru Mişel Mordasini, BVF-nin nümayəndələri və bir sıra rəsmi şəxslərlə görüşü də planlaşdırılır. Görüşlərin mövzusu Dünya Bankı, BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın vəziyyəti, Azərbaycanda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olacaq. Bununla yanaşı Elman Rüstəmovun tanınmış universitetlərin birində geniş auditoriya qarşısında çıxışı, yerli və xarici mətbuat nümayəndələri üçün müsahibəsi də nəzərdə tutulub.
# 654

Oxşar yazılar