Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
28 fevral 2011 19:03 (UTC +04:00)

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Azərbaycan Mərkəzi Bankı pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0.5 faizdən 2 faizə qaldırılması barədə qərar qəbul edilib. Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu qərar İdarə Heyətinin fevralın 28-də keçirilən iclasında elan edilib. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun olaraq, qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirləri davam etdirir. Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur, dünya iqtisadiyyatında inflyasiyanın artması meylləri güclənir.


Məlumatda o da qeyd olunur ki, ölkənin valyuta gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə balansında iri həcmli profisit nəticəsində pul kütləsinin artım mənbələrinin genişlənməsi, habelə qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini şərtləndirir. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsinin aktuallığı artır.


Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması barədə qərar qəbul edib. Bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib.
# 672

Oxşar yazılar