3 ayda evlərin qiyməti 15 faiz düşüb
14 may 2009 17:00 (UTC +04:00)

3 ayda evlərin qiyməti 15 faiz düşüb

Arif Qaraşov hesab edir ki, payız aylarında əmlakın həm aktivliyində, həm də qiymətlərində artım müşahidə oluna bilər

“Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi barədə məlumatla razı deyiləm. Doğrudur, Bakıda və digər bölgələrdə mənzilin qiyməti xeyli düşüb. Ancaq ucuzlaşma heç də bəzilərinin dediyi səviyyədə deyil”.

Lent.az-ın məlumatına görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov jurnalistlərə açıqlamasında belə deyib. Xidmətin rəisi bildirib ki, 2009-cu ilin mayın 1-dək daşınmaz əmlak bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə təxminən 15 faiz enib. Strateji ərazilərdə isə əmlakın qiymətində ucuzlaşma o qədər də nəzərə çarpmır. Onun sözlərinə görə, daşınmaz əmlak bazarındakı durğunluq hələ bir müddət davam edəcək. Çünki adətən, yay aylarında Bakıda mənzilə tələbat azalır.

Bununla belə, Arif Qaraşov hesab edir ki, payız aylarında əmlakın həm aktivliyində, həm də qiymətlərində artım müşahidə oluna bilər. Üstəlik ipoteka kreditləşməsinə yenidən start veriləcəyi gözlənilir ki, bu da mənzil bazarında durğunluğun aradan qaldırılması üçün əsas şərtlərdən biridir. Arif Qaraşovun sözlərinə görə, banklara ipoteka kreditlərini həyata keçirmək üçün vəsaitlərin ayrılması əmlak bazarında aktivliyin artmasına gətirib çıxaracaq.

“Həm də kredit faizlərinin aşağı endirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə hökumət səviyyəsində müzakirələr gedir. Girov təminatı qaydaları dəyişdirilir və nəzərdə tutulur ki, elə alınan əmlakın özü girov kimi qəbul olunsun. Planlaşdırılan bu tədbirlərin hamısı daşınmaz əmlak bazarında durğunluğun aktivliklə əvəz olunması üçün ciddi əsas yaradaq” - deyə, Arif Qaraşov vurğulayıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar