Azərbaycanın avtomobil bazarında ucuzlaşma
24 fevral 2010 18:45 (UTC +04:00)

Azərbaycanın avtomobil bazarında ucuzlaşma

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi avtomobil bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb.


Yanvar ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan passivlik qeydə alınıb. Bu barədə qurumdan Lent.az-a daxil olan məlumatda bildirilib.


Bazarın bu seqmenti ilə bağlı yaxın gələcəkdə dövlət tərəfindən müvafiq qərarların (avro standartlarının tətbiqi və idxalda ili köhnə avtomobillərə məhdudiyyətlərin qoyulması) veriləcəyi ehtimalı avtomobil bazarında vəziyyəti xeyli mürəkkəbləşdirib. Nəticədə əmlak sahiblərinin bir çoxu köhnə avtomobillərini bazara çıxarmağa məcbur olub. Ay ərzində müşahidə olunan passiv tendensiyanın təklifin artımı hesabına daha da dərinləşməsi bağlanan əqdlərin dinamikasına və qiymətlərə mənfi təsir göstərib.


İlin ilk ayında ötən ilin dekabr ayı ilə müqayisədə təklifin kəskin artımı müşahidə olunub. Təklifin artmasına baxmayaraq, tələb bir qədər də aşağı düşüb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-2,7%) təsir göstərib.


Yanvarda bazarda orta qiymət əvvəlki ayla müqayisədə 1,4% azalaraq dekabrda qeydə alınan 15600 ABŞ dollarından 15380 dollara enib. Qiymətlərin azalmasına Avropa ölkələrindən, xüsusən də Almaniyadan idxal olunan istismarda olmuş avtomobillərin qiymətindəki azalmalar, dolların Avroya nisbətdə tədricən möhkəmlənməsi, ən əsası isə təklifin ili köhnə avtomobillər hesabına kəskin artması səbəb olub.


Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasına təsir göstərib. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbulu gözlənilən radikal qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olub, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb, avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşüb.


Yanvar ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 8000-dən artıq avtomobilin 48,9%-i bazara məhz yanvar ayı ərzində təklif olunub. Qalan 51,1%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Aparılan araşdırmalar göstərir ki, ay ərzində bazara daxil olan avtomobillərin böyük əksəriyyətini ili köhnə, avro standartlarına cavab verməyən və ölkəmizdə istismarda olan avtomobillər təşkil edib. Aparılan monitorinq zamanı ortaya maraqlı nəticələr çıxıb. Belə ki, ötən aylarda bazarda təklif ili yeni olan avtomobillərin xeyrinə dəyişdiyi halda, yanvarda tendensiya fərqli olub. Təklifdə artımın əsas hissəsini məhz ili köhnə avtomobillər təşkil edib.


Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payı ümumi portfeldə dəyişməz qalsa da (37,5%), bu marka üzrə təklifdə 15,6% artım qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi “Mercedes-Benz” ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə 9 markanın təklif üzrə payı 82,2% təşkil edib. Yerdə qalan 17,8% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalsa da, ötən ay rəsmi qurumlarda aparılan müzakirələr illər üzrə təklif portfelinə ciddi təsir göstərib.


Təklif üzrə artım istismar müddəti daha çox olan avtomobillərdə qeydə alınıb.
1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası demək olar ki, sıradan çıxıb. Bununla yanaşı ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib.


Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda “Ofrouder” tipli avtomobillərə maraq göstərənlərin sayının artdığını göstərsə də, bu tendensiya da yanvar ayında dəyişib. Belə ki, uzun müddət istismarda olan avtomobillərin (2000-ci ildən əvvələ) böyük əksəriyyətini sedan tiplər təşkil etdiyindən köhnə avtomobillərin təklif portfelində kəskin artımı bu seqmentə də təsir göstərib.


Alıcıların mütləq əksəriyyəti avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillərə üstünlük vermələri tendensiyası davam etsə də, təklif portfelinin bu istiqaməti üzrə də dəyişiklik qeydə alınıb. Belə ki, ötən aylarda bazara təklif edilən avtomobillərin 9 faizindən azı mexaniki sürət qutusu ilə təmin edilənlər idisə, yanvar ayında müvafiq göstərici 11,6 faizə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar