“Bir ağac kəsən 50 min manat cərimə olunur” - MÜSAHİBƏ
09 fevral 2010 11:00 (UTC +04:00)

“Bir ağac kəsən 50 min manat cərimə olunur” - MÜSAHİBƏ

Füzuli Məmmədov: “Torpaq sahəsi mülkiyyətçinin istifadəsinə verilərkən mütləq ekoloji rəy alınmalıdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühiti Mühafizə Departamenti 2009-cu ildə hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə nə az, nə çox - 3075 akt və protokol tərtib edib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 1 milyon 546 min 401 manat cərimə tətbiq olunub.

Bu faktlar nazirliyin təkcə bir qurumunun il ərzində ortaya çıxara bildiyi pozuntulara aiddir. Nəzərə alsaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi özündə bir neçə belə böyük qurumları özündə birləşdirir, onda bütövlükdə ekoloji mühitə vurulan ziyanın həcminin bir neçə dəfə böyük olduğuna şəkk-şübhə qalmır.

Bəs, ekoloji sahədə həyata keçirilən nəzarət təbirləri, cərimə və sanksiyalar ümumi vəziyyəti dəyişə bilirmi? Böyük məbləğlərdə cərimələrə məruz qalan müəssisə və təşkilatlar, adi vətəndaşlar bundan nəticə çıxara bilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini Füzuli Məmmədov Lent.az-a müsahibəsində bu məsələlərdən danışıb:

- Biz ətraf mühitin mühafizəsinə nəzarətlə yanaşı təbliğat, monitorinq işləri aparırıq. 2009-cu il ətraf mühitin mühafizəsi sahəsində həm də ona görə yadda qalan il oldu ki, bu sahədə təbliğat və maarifləndirmə daha çox genişlənib. Ölkə başçısı 2010-cu ili “Ekologiya ili” elan etməklə həm də bir sıra təşkilatların bu sahəyə dəstək verməsinə şərait yaradıb. Məsələn, ağac əkmək üçün təklif edənlər var, “Təmiz şəhər aylığı”, “Təmiz hava aylığı” və digər adlar altında ictimai tədbirlər keçirmək istəyənlər var. Ümumiyyətə biz təşkilatlarla, fiziki və hüquqi şəxslər hansısa müəssisəni işlədirsə, biz onları il ərzində yalnız bir dəfə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə yoxlayırıq. Yoxlamalar keçirən zaman hər hansı qanun pozuntusuna görə biz birbaşa onları cərimə edə də bilərik. Yəni qüsuru varsa edirik. Məsələn, hansısa müəssisədə tozuducu qurğu qurulurmu? Bu qurğu ekoloji ekspertizanın xüsusi icazəsi əsasında qurulmalıdır. Belə bir icazə yoxdursa, müəssisəyə qarşı cərimə tətbiq olunur. Müəssisəyə qarşı məcburi göstəriş, yəni müddət verilir ki, Dövlət Ekoloji Ekspertizanın müsbət rəyini alıb müəyyən edilmiş vaxtadək normativ sənədləri aidiyyəti təşkilata təqdim edilsin. Biz ötən il belə yoxlamaları daha çox dəniz sahillərində yerləşən iaşə obyektlərində aparmışıq. Bir çox obyektlərin tullantı suları Xəzər dənizinə axıdılırdı. Biz bu yoxlamalarla belə halların qarşısını almağa müəyyən qədər nail olduq. Belə ki, bəzi yeməkxanalardan və yaşayış sahələrindən axıdılan tullantı suların dənizə axıdılmasının qarşısını almaq üçün xüsusi təmizləyici qurğular qurulub. Həmin obyektlərin əksəriyyəti ilə müqavilə bağlanıb. Həmçinin Bakı-Abşeron zonasında yaşıllıqların salınması, mövcud yaşıllıqların qorunması istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Artıq ağac əkmək mövsümü başlayıb və proses yəqin ki, aprelin sonlarınadək davam edəcək. Rayonlarda müəyyən nöqsanlar hələ də qalır. Məsələn, mövcud qanunvericiliyə əsasən, torpaq ayırma zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi mütləq nəzərə alınmalıdır. Təəssüf ki, bəzi hallarda bu nəzərə alınmır.

- Bunu dövlət orqanları verir?

- Əlbəttə. Torpaq ayırma sənədlərini kim verir?! Rayon icra hakimiyyətləri, bələdiyyələr. Torpaq sahələri ekoloji nəzarət qurumlarının rəyi nəzərə alınmadan verilirsə, bu, qanunsuzluqdur.

- Bu cür qanun pozuntularına görə cərimələr torpağın ayrılmasına dair qərarı verən orqanlara qarşı tətbiq olunur, yoxsa mülkiyyətçiyə?

- Əsas etibarilə mülkiyyətçilərə. Çünki rayon icra hakimiyyəti, yaxud bələdiyyə torpağı ayırır və mülkiyyətçiyə deyir ki, bunu müvafiq qurumlarla razılaşdır. Müvafiq qurumlar dedikdə isə Fövqəladə Hallar Nazirliyi, ekoloji nəzarət orqanları və digərləri nəzərdə tutulur. Amma mülkiyyətçilər adətən, torpaq ayrılmalarına dair məsələləri müvafiq orqanla razılaşdırmır. Yeri gəlmişkən, 16.11.2009-cu il tarixində 05/05-934 sayda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər rayon İcra Hakimiyyəti başçılarına göndərilmiş məktubda qeyd edilir ki, Şəhər, qəsəbə, kənd və bələdiyyə torpaqlarının müasir istifadə xidmətləri; Dövlət Ekspertizasının, Yanğın Təhlükəsizliyi Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin layihə sənədlərinə müsbət rəy və razılaşdırılması nəzərə alınmalıdır. Torpaq sahəsi ayrılarkən həmin ərazidə yaşıllıqlar barədə heç bir məlumat olmur. Lakin gedib baxanda görürsən ki, ayrılmış həmin torpaq sahəsində ağac və kollar var. Biz indiyədək belə hallarla çox rastlaşmışıq, xüsusən də Bakı şəhərində. Belə hallarda biz müvafiq sənədləşmə işləri apararaq, işi hüquq-mühafizə orqanlarına, rayon icra hakimiyyətlərinə göndəririk.

- Kim daha çox qanun pozuntusuna yol verir: müəssisə və təşkilatlar, yoxsa adi vətəndaşlar?

- Adi vətəndaşlar qanunu daha çox pozur. Hüquqi şəxslər, idarə və müəssisələr hüquqi-normativ aktların tələblərini bilirlər. Əksər vətəndaşlar isə bilmədən inzibati xəta törədirlər.

- Amma əvvəlki sualın cavabında dediniz ki, Nazirlər Kabinetinin qərarlarından irəli gələn tələblərin pozulmasına görə vətəndaşlar cəzalandırılır…

- Hüquqi və ya fiziki şəxslər yol verdiyi qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə edilirlər.

- Amma torpaq mülkiyyətçiyə icra hakimiyyətinin müvafiq sərəncamı əsasında verilir. Belə çıxır ki, müvafiq qurumların rəyi alınmadan torpaq sahəsinin ayrılmasına görə qanunu rayon icra hakimiyyəti, bələdiyyələr deyil, vətəndaşlar pozur?

- Vətəndaşa torpaq sahəsi ayrılarkən torpağın təyinatı nəzərə alınmalı və torpaq təyinatı üzrə istifadə olunmalıdır.

- Bu rəyi torpağı satan, icarəyə verən icra hakimiyyəti almalıdır, yoxsa torpağa sahib olmaq istəyən şəxs?

- Torpağı alan şəxs. Çünki rayon icra hakimiyyəti onun üzərinə öhdəlik qoyur və göstərir ki, aidiyyəti qurumlarla razılaşdır. Əgər razılaşmadan ərazidə hansısa tikinti işləri aparılırsa, məsuliyyət vətəndaşın üzərində qalır.

- Hər il çoxlu sayda belə pozuntu hallarına rast gəlinir. Ötən il pozuntuların səviyyəsi əvvəlki illə müqayisədə necədir?

- Belə halların sayı ilbəil azalır. İnsanların ekologiyaya və təbiətə marağı və qayğısı getdikcə artır. Düzdür, əvvəlki dövrlə müqayisədə cərimələrin məbləğində hazırda fərq daha böyükdür. 2008-ci ilin dekabrınadək qanunsuz ova görə cərimələrin məbləği 22 manatdan 44 manatadək idisə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən sonra bu məbləğ 1000 manatdan 2000 manatadək artırılıb. Cərimələrin artırılması da pozuntuların azalmasına istər-istəməz təsir göstərir. İndi bir ağacın kəsilməsinə görə fiziki şəxslər 2200 manatdan 2500 manata qədər, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar.

- İnzibati cəza qaydaları dəyişəndən sonra pozuntuların sayında azalma müşahidə olunur?

- Bəli, azalmalar var və ümumi proses müsbət istiqamətdə dəyişir. Bu, həm də tətbiq olunan cərimələrin məbləğinin böyük olmasının nəticəsidir. Çünki hansısa şəxs cərimə olunarkən bundan onun yaxınları da xəbər tutur və beləliklə cəzanın ağır olduğu barədə məlumatlar çox tez yayılır. Ona görə də indi Bakı şəhərində ağac kəsilməsi faktlarına nadir hallarda rast gəlinir. Əvvəllər isə cərimə aşağı olduğundan ağacların kəsilməsi halları daha çox idi. Əvvəllər ağac kəsməyə görə cərimə 600 manat idisə, indi isə söhbət 2200 manatdan 50000 manata qədər cərimədən gedir.

- Ötən il ətraf mühitə vurulan ziyana görə fiziki və hüquqi şəxslərə qarşı 1 milyon 546 min manatdan çox cərimə tətbiq olunub. Bu qədər cərimə sizin üçün gözlənilən idi?

- Yox, cərimə plan deyil. Məqsəd ətraf mühitin qorunması, ümumilikdə qanunsuz ağac kəsintisinin qarşısının alınmasından ibarətdir. Halbuki, 2008, 2007 və ondan əvvəlki illərdə ətraf mühitin mühafizəsi sahəsində yol verilən qanun pozuntularının sayı indikindən daha çox idi. Ancaq o zaman cərimələrin məbləği aşağı olduğundan ümumi məbləğ az idi. İndi isə əksinə, qanun pozuntularının sayı az, cərimələrin məbləği isə daha yüksəkdir.

- Ekoloji qaydaları pozan şəxs tələb olunan cəriməni ödəmədiyi halda nə baş verir?

- Cərimə qərarından əvvəl biz həmin şəxsə dəvət məktubu göndəririk ki, gəlib Ətraf Mühitin Mühafizə Departamentində barəsində baxılacaq inzibati xətada iştirak etsin. Adam var ki, gəlir və cəriməni ödəyəcəyini deyir. Adam da var ki, ya gəlmir, ya da deyir cəriməni ödəməyəcəyəm. Cərimə barədə qərar qəbul edildikdən bir ay müddətində cərimə ödənmirsə, iş məhkəmə nəzarətçiləri bölməsinə göndərilir. Yəni cərimə könüllü ödənilməyən halda sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün Məhkəmə İcraçıları bölməsinə göndərilir.

- Bəs, toplanan cərimələr sonradan hansı istiqamətlərə sərf olunur?

- Toplanan cərimələr və ödənilən iddialar Nazirlər Kabinetinin sərəncamında olan Ətraf Mühitin Mühafizə fonduna yerləşdirilir və təyinatı üzrə istifadə olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1681

Oxşar yazılar