Cahangir Hacıyev BFB-in Müşahidə Şurasının sədri oldu
08 fevral 2010 11:15 (UTC +04:00)

Cahangir Hacıyev BFB-in Müşahidə Şurasının sədri oldu

Bu qərar Bakı Fond Birjasının səhmdarlarının Ümumi Yığıncağında qəbul olunub

Bakı Fond Birjasının (BFB) növbəti iki il üzrə Müşahidə Şurasına sədrlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevə keçib. Şuranın üzvləri isə Araz Əliyev (“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini), Samir Balayev (“Unibank” ASC-nin Müşahidə Şurasının sədrinin müşaviri), Mansur Məmmədov (“Caspian Financial” MMC-nin direktoru), Mətanət İsgəndərova (“Standard Capital” MMC-nin direktoru), Cəfər İbrahimov(“Texnika Kapital Menecment” MMC-nin direktoru) və Həsən Bədəlov (“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini) seçilib.

BFB-dan Lent.az-a bildiriblər ki, bu qərar qurumun səhmdarlarının fevralın 5-də keçirilən Ümumi Yığıncağında qəbul olunub. Növbəti 3 il müddətinə qurumun İdarə Heyətinin sədri vəzifəsinə yenidən Xəyal Abdinov, birjanın Maliyyə-Təftiş Komissiyasının yeni tərkibi sədr Vaqif Əfəndiyev, üzvlər Faiq Baxşıyev və Mətin Əmiraslanov olmaqla təsdiq edilib.

Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi seçilməklə yanaşı BFB-nin 2010-2012-ci illər üzrə Strateji Planı da qəbul edilib. Sənədə əsasən, qiymətli kağızlarla ticarətin mexanizminin və klirinq-hesablaşma sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasının başa çatdırılması, risklərin idarə edilməsi sistemlərinin modifikasiyası və standartlaşdırılması, habelə daxili potensialın inkişaf etdirilməsi növbəti üç il ərzində birjanın fəaliyyətinin prioritet istiqamətləri kimi qəbul edilib. Ortamüddətli perspektivdə isə BFB-nin əsas strateji hədəflərindən biri olaraq yeni birja alətlərinin işlənib hazırlanması müəyyən edilib.

Yığıncaqda həmçinin BFB-nin 2010-cu il üzrə büdcəsi qəbul edilmişdir. Büdcədə cari il üzrə birjanın gəlirlərinin 1 312 800 manat, xərclərinin 1 milyon 111 min 490 manat, mənfəətin isə 201 min 310 manat məbləğində olacağı planlaşdırılır.

Tədbirin sonunda səhmdarlar “Xalq Kapital” MMC-nin BFB-nin səhmdarları sırasına daxil edilməsi ilə bağlı müraciətini nəzərdən keçiriblər. Qərara alınıb ki, birjanın xalis aktivlərinin dəyəri nəzərə alınmaqla əlavə emissiya ediləcək 300 ədəd səhm nominal qiymətinin iki mislindən artıq məbləğdə dəyərləndirilərək yeni səhmdara təklif ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar