Daşınmaz əmlakın ünvan reyestri yaradılır
01 fevral 2010 18:45 (UTC +04:00)

Daşınmaz əmlakın ünvan reyestri yaradılır

Norveç hökuməti bu işdə Azərbaycana 3 milyon kron məbləğində qrantla dəstək verir

Azərbaycanda ünvan reyestrinin yaradılmasında Norveç təcrübəsindən istifadə ediləcək. Bu məqsədlə Norveç Xəritəçəkmə Agentliyi – “Statens Cartverk”lə “Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanıb.

Əmlak məsələləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, layihə üzrə başlanğıc missiyanın həyata keçirilməsi ilə bağlı Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri Bakıda səfərdə olublar. Səfər bütövlükdə layihənin icrası və kommunikasiya qaydalarını, icra zamanı məsuliyyət bölgüsü ilə professional məsləhətlərin verilməsini əhatə edib. Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri komitənin aidiyyəti qurumlarında ünvan reyestrinin aparılması ilə bağlı görülən işlərlə əyani şəkildə tanış olublar.

Azərbaycanda ünvan sisteminin təkmilləşdirilməsi layihəsi Norveç hökuməti tərəfindən ayrılmış 3 milyon Norveç kronu məbləğində qrant vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Ötən il dekabrın 1-də icrasına başlanmış layihə gələn il iyunun 30-da başa çatmalıdır. Qrant sazişinin təqdim edilmiş ilkin variantına əsasən, ayrılacaq vəsait çərçivəsində Azərbaycanda ünvan reyestrinin yaradılması məqsədilə yalnız texniki məsləhətlərin göstərilməsi nəzərdə tutulur. Norveçdən olan mütəxəssislərlə aparılan son müzakirələr nəticəsində qrant çərçivəsində ünvan reyestrinin yaradılması məqsədilə texniki spesifikasiyaların və informasiya sisteminin yaradılacağı barədə razılıq əldə edilib.

Komitədə bildirirlər ki, qrant çərçivəsində işlərin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə ünvan reyestrinin yaradılmasına dair tam texniki spesifikasiyalar hazırlanacaq ki, burada həmçinin informasiya sisteminin yaradılması və texniki avadanlıqlar üzrə tələblər barədə məlumatlar öz əksini tapacaq. Bu mərhələ 2010-cu ilin fevral-iyun aylarını əhatə edəcək. İkinci mərhələdə ünvan reyestrinin yaradılmasına dair hazırlanmış texniki spesifikasiyalar və tender sənədləri əsasınsa informasiya sisteminin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulur. Bu mərhələ 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayına qədər olan dövrü əhatə edəcək.

Xatırladaq ki, "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" ölkə başçısı tərəfindən 2008-ci il noyabrın 27-də təsdiqlənib. “Statens Cartverk” ilə “Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi” Layihəsi isə 2007-ci ildən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasına kömək etməkdən ibarətdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar