Bank sektorunda şəffaf maliyyə alətlərinin tətbiqi zərurətə çevrilir
27 yanvar 2010 13:30 (UTC +04:00)

Bank sektorunda şəffaf maliyyə alətlərinin tətbiqi zərurətə çevrilir

Demokratik, şəffaf və səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zaman intervalında həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını zəruri tələb kimi önə çıxarır. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası da idarəçilikdə şəffaflığın, xalqa hesabat ənənəsinin parlaq nümunəsi olmaqla, respublikamızın qlobal böhranla müşayiət olunan 2009-cu ildə də sürətlə inkişaf etdiyini, qarşıya qoyduğu bütün strateji vəzifələri uğurla gerçəkləşdirdiyini göstərir.

2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Ötən müddət ərzində manatın sabitliyi qorunub saxlanılmış, cəmi inflyasiya 1,5 faiz təşkil etmişdir. 2009-cu ildə, 2008-ci illə müqayisədə, dövlət büdcəsinin cari xərclərində sosial yönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında 2009-cu ilin Azərbaycan üçün uğurlu olduğunu bildirmiş, hökumətin qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini razılıqla bildirmişdir. Dövlət başçısı əksər dünya ölkələrində hökm sürən böhrana, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun 9,3 faizlik artımını haqlı olaraq ciddi nailiyyətlərdən biri kimi dəyərləndirmişdir: "Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada, qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişdir. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr, demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir. Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir".

Dövlət başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, geridə qalan 2009-cu il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olunsa da, Azərbaycan iqtisadiyyatı uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası nəticəsində qlobal böhrana yüksək dayanıqlılıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempini qoruyub saxlamağa da imkan vermişdir. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə rəğmən, Azərbaycanda ötən il ümumi daxili məhsulun 9,3 faizlik artımı, ilk növbədə, həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir.

Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması ilk növbədə dövlət başçısı İlham Əliyevin müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Respublikamızın maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən, haqlı olaraq, respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yetirdiyini xüsusi önə çəkir: "Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik... Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".

Əsas nəticə budur ki, qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunmuşdur və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Azərbaycan üçün səciyyəvi olan mütərəqqi iqtisadi inkişaf modelinin uğurları ölkə hüdudlarından kənarda diqqətlə izlənilir, maraqla qarşılanır. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu (Davos forumu), Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi və digər qurumlar 2009-cu ilin yekunlarını Azərbaycan üçün kifayət qədər uğurlu sayırlar. Eyni zamanda, bu il üçün verilən proqnozlarda respublikamız üçün 7-8 faizlik iqtisadi artım proqnozlaşdırılır. Bir müddət əvvəl Böyük Britaniyanın nüfuzlu "Ekonomist" jurnalında dərc olunmuş hesabatda da Azərbaycanın iqtisadi artım üzrə liderliyi xüsusi vurğulanmışdır.

Etiraf etməliyik ki, ötən il respublikamızın bank sistemi üçün də sınaq ili olmuş, lakin hökumət səviyyəsində həyata keçirilən səmərəli tədbirlər iqtisadiyyatın lokomotivi sayılan bu sektoru böhrandan maksimum dərəcədə qorumuşdur. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, Mərkəzi Bank antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmiş, əsas diqqət üç başlıca məqsədin reallaşmasına istiqamətlənmişdir: birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması; üçüncüsü, iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsi.

Mərkəzi Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hesabat dövründə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ildə orta illik inflyasiyanın 1,5 faiz səviyyəsində saxlanmasında mühüm rol oynamışdır. Manatın məzənnəsinin sabitliyi eyni zamanda əhalinin banklardakı əmanətlərinin dəyərsizləşməsinin, habelə xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır.

İqtisadçı-ekspertlərin fikrincə, neftin qiymətinin proqnozunun ən konservativ ssenarisində belə ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsaslar yaradır. Mərkəzi Bankın 2010-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı da göstərir ki, respublikamız bu il də qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə maksimum müqavimət əzmi nümayiş etdirəcəkdir.

Mərkəzi Bankın böhrana qarşı həyata keçirdiyi kompleks tədbirlər sırasında bank sektoruna ciddi likvidlik dəstəyinin verilməsini xüsusi vurğulamaq lazımdır. Makroiqtisadi tendensiyaları nəzərə alan Mərkəzi Bank başlıca uçot dərəcəsini 2008-ci ilin sonlarından başlayaraq 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirmişdir. Ümumilikdə, dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank bankların 2008-ci ilin oktyabrından təqribən 1,8 milyard manat həcmində likvidliyini təmin etmişdir.

2009-cu ildə Mərkəzi Bank maliyyə sabitliyini daha da möhkəmləndirmək üçün bank sektorunda risklərin çevik tənzimlənməsini də uğurla təmin etmişdir. Nəticədə bankların likvidlik mövqeyi idarəetməyə alınmış, xarici borcların yenidən maliyyələşməsi həyata keçirilmiş, sistem əhəmiyyətli institutlara zəruri likvidlik dəstəyi verilmişdir. Həmçinin bankların korporativ idarəetmə, xüsusilə risklərin idarə olunması sistemlərinə tələblər artırılmış, qorunan əmanətlərin məbləği altı dəfə artırılaraq 30 min manata çatdırılmış, bankların risk zonalarıının davamlı monitorinqi sistemi yaradılmışdır.

Ötən il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin də (QKDK) yenidən təşkilatlanmasının normativ-hüquqi bazasının təmin edilməsi ilə yanaşı, qiymətli kağızlar bazarı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə mövcud qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması və onun qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra tədbir həyata keçirilmişdir. Ötən dövr ərzində səhmdar cəmiyyətlərində korporativ idarəetmə standartlarının daha geniş tətbiqi məqsədilə Mülki Məcəllənin 4-cü fəslinin səhmdar cəmiyyətlərinə dair maddələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq beynəlxalq ekspertlərə təqdim olunmuşdur. Həmçinin investisiya fondlarının təşkili və fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi və onların fəaliyyətinin tənzimlənməsi mexanizmlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə "İnvestisiya fondları haqqında" qanunun yeni redaksiyası hazırlanmış və hökumətə təqdim edilmişdir.
Bundan başqa, qiymətli kağızlarla əqdlərin bağlanması zamanı mövcud olan bürokratik maneələr aradan qaldırılıb və bazarın peşəkar iştirakçıları broker - Milli Depozit Mərkəzi - Bakı Fond Birjası arasında elektron sənəd dövriyyəsinə keçilməsi əməliyyatlarının həcminin artmasına ciddi təsir göstərmişdir. Qiymətli kağızlar bazarında alqı-satqı sisteminin təkmilləşdirilməsi nəticəsində Bakı Fond Birjasında korporativ qiymətli kağızlarla bağlanmış əqdlərin sayı 2008-ci illə müqayisədə 2009-cu ildə 3 dəfə artmışdır.

Xüsusi vurğulamaq istərdim ki, ötən il respublikanın ən iri, sistem və əmniyyətli banklarından olan "Texnikabank" üçün də uğurlu olmuşdur. "Texnikabank" ASC Azərbaycan kapital bazarında ilk dəfə tədavüldəki qiymətli kagızları birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilən açıq səhmdar cəmiyyət olmuşdur. 2009-cu ildə "Texnikabank"ın başlıca hədəfləri yüksək likvidliyin təmini, institusional inkişafın davam etdirilməsi, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, cəlb olunmuş vəsaitlərin geniş diversifikasiyası olmuşdur. Bank məqsədyönlü kreditləşmə siyasəti həyata keçirmiş, hər bir riski ciddiliklə nəzərə almış, real sektorun maliyyə resurslarına ehtiyaclarını təmin etməyə çalışmış, ipoteka kreditləşməsini uğurla həyata keçirmişdir. Bankın risk menecmenti real sektorun tələblərini ətraflı öyrənmiş, müvafiq qiymətləndirmə işi aparmış, yaranan çətinlikləri maliyyə resursları hesabına həll etməyə çalışmışdır.

Hazırda bankın öhdəliklərində xarici borcların xüsusi çəkisi 4 faiz təşkil edir ki, bu da son dərəcə yaxşı göstəricidir. Yerli vəsaitlər 3 mənbə - əhalinin əmanətləri, dövlət vəsaitləri və nəhayət, korporativ müştərilərin depozitləri hesabına təmin olunur. Bu üç mənbə, eyni zamanda, xarici borclanma hesabına formalaşdırdığımız maliyyə vəsaitləri "Texnikabank"a kreditləşmə siyasətini 2010-cu ildə də inamla davam etdirmək imkanı yaratmışdır.

2009-cu ildə maliyyə böhranının dərinləşməsinə baxmayaraq, bank öz aktivlərinin həcmini qoruyub saxlaya bilmiş, eyni zamanda 17 milyon manat artıma (5 faiz) nail olmuşdur. Bununla bərabər, aktivlərin keyfiyyətində də əhəmiyyətli irəliləyişlər baş vermişdir. Ötən il apardığımız ümumi kreditləşmədə korporativ müştərilərə verilən kreditlərin payı 70 faizdən çoxdur. Real sektorda çalışan müştərilərlə əməkdaşlığa daha çox üstünlük verilmişdir: bu sektorda risklərin cəmləşməsi aşağı səviyyədə olduğu üçün istehsal müəssisələri ilə işləmək maliyyə böhranı şəraitində daha məqsədəuyğun sayılır. İstehsal müəssisələri ilə əməkdaşlıq çərçivəsində həm şirkətlərin kredit ehtiyacları ödənir, həm də onların əməkdaşlarına plastik kartlar vasitəsilə məvacib verilməsi təmin olunur. Hesabat dövründə bank real sektorun kreditləşdirilməsini uğurla davam etdirmiş, bu istiqamətdə 16 milyon manatdan çox vəsait yönəldilmişdir. Ümumilikdə, bankın müştərilərə verilmiş kredit portfelinin həcmi hazırda 360 milyon manata çatmışdır.
Hesabat dövründə əhalinin əmanətləri 15 faiz (12 milyon manat) artaraq 94 milyona çatmışdır. İl ərzində bankın gəlirləri 69 milyon manat, məsrəflər isə 12,7 milyon manat təşkil etmişdir. Səhmdarların qərarı ilə cari ilin məsrəflərinin kapitala yönəldilməsi qərara alınmışdır. Bundan əlavə, ötən il bankın 4 törəmə müəssisəsinin (sığorta, lizinq, qiymətli kağızlar bazarı, prosesinq) inkişafına 4 milyon manat vəsait yönəldilmişdir.

Müştərilərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi baxımından "Texnikabank" bu il filialları üçün inzibati binalarının tikintisinə, habelə mövcud filial və şöbələrin ən müasir tələblərə cavab verən inventar, kompüter və rabitə-informasiya avadanlıqları ilə təchiz etmiş, bu tədbirlərə 7-10 milyon manatdan artıq investisiya yönəldilmişdir. 2009-cu ilin oktyabr ayında bankın Baş Əməliyyat İdarəsinin əsaslı təmirdən çıxmış yeni ofisi istifadəyə verilmiş, burada bank müştərilərinə operativ və keyfiyyətli xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Ofisin yeniləşdirilməsi zamanı ən modern beynəlxalq təcrübə nəzərə alınmış, idarə ən yeni kompüter və rabitə avadanlıqları ilə təchiz edilmişdir.

Yeniliyə can atan, sürətlə inkişaf edən, işçilərinin sayı 600-ə çatan "Texnikabank"da əməkhaqqı mütəmadi olaraq qaldırılır, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçirilir. "Texnikabank" 2010-cu ildə də qarşıya qoyduğu bütün qlobal maliyyə böhranı şəraitində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesinə öz töhfəsini verməyə çalışacaqdır. İnanırıq ki, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü iqtisadi tədbirlər cari ildə respublikanın bank sektorunda əsaslı inkişaf və yüksəlişi təmin edəcək, nəticədə respublikada işgüzar fəallıq daha da yüksələcəkdir.

Etibar ƏLİYEV,
"Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, iqtisad elmləri namizədi

(Yazı “Azərbaycan” qəzetindən götürülüb)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar