İqtisadi böhranın ikinci dalğası gəlir
19 yanvar 2010 13:45 (UTC +04:00)

İqtisadi böhranın ikinci dalğası gəlir

Bu xəbərdarlıqla Beynəlxalq Valyuta Fondunun rəhbəri çıxış edib

Dünya iqtisadiyyatının stimullaşdırılmasının vaxtından əvvəl dayandırılması böhranın ikinci dalğasını şərtləndirə bilər.

Lent.az-ın məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan çıxış edib. Stross-Kan xəbərdarlıq edib ki, qlobal iqtisadiyyatın növbəti dəfə böhran yaşaması ehtimalı var. Onun sözlərinə görə, hökumətlərin milli iqtisadiyyatın artımını şərtləndirən stimullaşdırıcı tədbirlərdən imtina etməsi hələ ki, tezdir.

“Biz çox ehtiyatlı olmalıyıq, çünki indiki artım çox kövrəkdir” deyən Stross-Kanın fikrincə, Çin və digər Asiya ölkələri inkişafın lokomotividir, onların ümumi daxili məhsulun artım tempi böhrandan əvvəlki həddə çata bilər. BVF rəhbəri hesab edir ki, inkişaf etməkdə olan ölkələrin dövriyyəyə buraxdığı ucuz pullar dünya iqtisadiyyatının riskini artırır. Bu isə bazarlarda yeni köpük yaradır.

“Fərdi istehlakın bərpası və məşğulluq səviyyəsinin artması hökumətlərin böhran dövründə iqtisadiyyatın dəstəklənməsinə yönəltdiyi tədbirlərdən imtinası üçün zəruri şərtdir” – deyə, BVF rəhbəri əlavə edib. O, həmçinin qeyd edib ki, dövlət borcunun yüksək səviyyəsi probleminin həlli bir çox ölkələrin hökumətləri üçün prioritet vəzifə olacaq. Stross-Kanın fikrincə, rəhbərlik etdiyi beynəlxalq qurum bu il dünya ÜDM-nin artım proqnozunu artıracaq.

Xatırladaq ki, BVF-nin sonuncu proqnozuna əsasən, 2010-cu ildə qlobal iqtisadiyyat 3,1 faiz artacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar