Torpaq hərraclarına dair yeni təkliflər hazırlanıb
15 yanvar 2010 14:30 (UTC +04:00)

Torpaq hərraclarına dair yeni təkliflər hazırlanıb

Sənəddə torpağa iddiaçıların ilkin qiymətin 5-10 faizi həddində ilkin ödəniş ödəməsi təklif olunur

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) bələdiyyə torpaqlarının satışı mexanizminin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər hazırlayıb. Təkliflərdə müsabiqə və hərrac komissiyalarının tərkibində təmsil olunanların sayının 5-dən 7-yə qaldırılması onların daimi və dəyişən üzvlərə ayrılması tövsiyə olunur.

Lent.az-ın məlumatına görə, bu barədə tövsiyələrlə bağlı keçirilən mətbuat konfransında İTYİB-in sədr müavini Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, komissiyalarda 3 nəfərdən ibarət daimi üzvlərin dövlət orqanlarının nümayəndələrindən olması nəzərdə tutulur. Dəyişən üzvlərin isə 4 nəfərdən olması təklif edilir və bura bələdiyyə üzvü, QHT və KİV nümayəndəsi, kənd ağsaqqalı daxildir. Həmin üzvlərin hər ilin sonunda başqası ilə əvəz edilməsi təklif edilir.

Bundan başqa, yeni təkliflərdə hərrac və müsabiqələrlə bağlı əhalinin, o cümlədən sahibkarların məlumatlılıq səviyyəsinin artırılması məqsədilə www.herrac.az internet portalının yaradılması da əksini tapıb. Sənədə əsasən, burada hərrac və müsabiqəyə çıxarılacaq torpaqların ölçüsü, təyinatı, yerləşdiyi ərazi, ilkin qiyməti, kateqoriyası və digər məlumatlar yerləşdirilməlidir. Həmçinin torpaq sahəsinin məxsus olduğu bələdiyyələr haqqında ətraflı məlumatlar, torpaq sahəsinin fotosunun və ya videogörüntüsünün saytda yerləşdirilməsi, orada torpağın kommunal və infrastruktur obyektlərinə yaxınlıq səviyyəsi barədə məlumatların verilməsi də vacib şərtlərdən hesab olunur.

Artıq müvafiq dövlət orqanlarına təqdim olunmuş sənəddə torpağın sənədləşmə prosedurunun təkmilləşdirilməsi, satış qiymətinin yenidən formalaşdırılması, hərrac və müsabiqə zamanı rəqabət mühitinin yaradılması da başlıca məqsəd sayılır. Hərrac və müsabiqələrdə sağlam rəqabət mühitinin formalaşdırılması üçün torpağa iddiaçıların ilkin qiymətin 5-10 faizi həddində ilkin ödəniş ödəməsi təklif olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar