Böyükağa Hacıyev “Neftçi”ni ziyana saldı
25 dekabr 2012 16:51 (UTC +04:00)

Böyükağa Hacıyev “Neftçi”ni ziyana saldı

Futbol üzrə Topaz Premyer Liqasının XVIII turunda AZAL üzərində 4:2 hesablı qələbə qazandığı oyun “Neftçi” klubuna baha başa gəlib. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi flaqmanı üst-üstə 7 min manat cərimələyib.

 

Ziyanın 4 min manatı baş məşqçi Böyükağa Hacıyevin ayağına yazılıb. Hacıyev 61-ci dəqiqədə texniki zona qaydalarını pozub və oyundan sonra keçirilmiş mətbuat konfransında hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlədib. Hər iki halda o, 2000 manat cərimə olunub. Eyni zamanda 54 yaşlı mütəxəssis Bakı “İnter”i ilə bugünkü görüşü texniki zonadan kənarda izləyəcək.

 

Cərimənin qalan hissəsinə gəldikdə, 73-cü dəqiqədə azarkeşlər meydana kənar əşya atıblar. Bu səbəbdən, “Neftçi” 2000 manat ziyana düşüb. Görüş zamanı 4 futbolçusu sarı vərəqə alan flaqman daha 1000 manat ödəməli olacaq.

 

“Sumqayıt”la oyunda isə “Kəpəz”in 7 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, Gəncə klubu 1000 manat cərimələnib. 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Bujamin Asani kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyunçu 1 matçlıq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

“Xəzər Lənkəran”la qarşılaşmanın 73-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri  pirotexniki vasitədən yararlanıblar. Ona görə də Ağdam klubu 1000 manat cərimələnib.

 

“Qəbələ” ilə görüşün 76-cı dəqiqəsində “Turan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb ki, bu da Tovuz komandasına 2000 manat cərimə bahasına başa gəlib.

 

“İnter” – “Bakı” matçında isə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Klublar hərəyə 1000 manat cərimələniblər.

# 1134
avatar

Oxşar yazılar