Topaz Premyer Liqası: “Xəzər Lənkəran”dan ardıcıl 3-cü məğlubiyyət
29 sentyabr 2012 18:57 (UTC +04:00)

Topaz Premyer Liqası: “Xəzər Lənkəran”dan ardıcıl 3-cü məğlubiyyət

Lent.az-ın məlumatına görə, Tovuzda “Turan” “Xəzər Lənkəran”ı, Qəbələdə isə eyniadlı klub AZAL-ı qəbul edib.

“Turan” matçın gedişində hesabda geri düşüb. Lakin fasilədən sonra Salif Ballonun “dubl”u sayəsində qələbə qazanıb – 2:1. Ballo vaxtilə baxışda olduğu, lakin bəyənilmədiyi “Xəzər Lənkəran”ı 4 dəqiqə ərzində 2 dəfə cəzalandırıb. Qonaqlar oyunu 9 oyunçu ilə başa vurublar. 20-ci dəqiqədə Ruslan Abışov, 77-ci dəqiqədə isə Elnur Allahverdiyev qırmızı vərəqə alıb. Allahverdiyev məhz Ballonun üzünə tüpürdüyü üçün qovulub. Beləliklə, “Xəzər Lənkəran” ardıcıl 3-cü məğlubiyyətini alaraq, vəziyyətini daha da çətinləşdirib. Daha öncə cənublular “Neftçi”yə 1:2, “Simurq”a 0:2 hesabı ilə uduzublar. Növbəti dəfə yenilən baş məşqçi Yunis Hüseynovun komandası 6 oyundan 5 xalla 11-ci pilləyə enib. “Turan” isə 7 xalla 7-ci pilləyə qalxıb.

“Qəbələ” isə yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ilk matçından heç-heçə ilə ayrılıb – 0:0. AZAL-la görüşü klub prezidenti Tale Heydərovla yanaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib. Bu oyunda Məmmədov kapitan sarğısını Elmar Baxşıyevdən alaraq, Rəşad Abdullayevə verib. Qarşılaşma təhlükəli vəziyyətlər sarıdan elə də zəngin olmayıb. Bu səbəbdən, qolsuz bərabərlik məntiqi nəticə də sayıla bilər. Bu nəticədən sonra AZAL 12 xalla 2-ci pillədə qalıb, “Qəbələ” isə 8 xalla 5-ci pilləyə yüksəlib.

Hazırda günün son oyunu keçirilir. Zaqatalada lider “Simurq” “Qarabağ”ı qəbul edir.

29 sentyabr (şənbə)

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 2:1
Qollar: Salif Ballo, 56; 59 – Sadio Tounkara, 45
Qırmızı vərəqələr: Ruslan Abışov, 20; Elnur Allahverdiyev, 77 (hər ikisi “Xəzər Lənkəran”)

“Qəbələ” – AZAL (Bakı) – 0:0

18:00. “Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam)
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab
Zaqatala şəhər stadionu.

30 sentyabr (bazar)

16:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

20:00. “Rəvan” (Bakı) – “Kəpəz” (Gəncə)
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil
Bakı, “Bayıl Arena”.
# 964

Oxşar yazılar