Bakıda oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 13-nə keçən gecə “Motodrom” yeni yaşayış sahəsində yaşayan Anar Aydınlının evindən plastik pəncərəni açmaq yolu ilə 780 manat, qızıl zinət əşyaları, qadın paltarı, planşet və kross antenası oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini, 29 yaşlı Kamil Cəbrayılov və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Alim Babayev tutulub.
İyunun 20-də isə Albalılıq massivi F.Əliyev küçəsində yaşayan İsa Qasımovun evindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla qızıl zinət əşyaları oğurlanıb.
Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cavad Allahverdiyev tutulub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, C.Allahverdiyev yanvarın 29-da Albalılıq massivində Fəxrəddin Dadaşovun evindən pəncərəni sındırmaq yolu ilə qızıl-zinət əşyaları, martın 20-nə keçən gecə A.Rəhimov küçəsində Mehman Vəlixanovun evindən 600 manat, qızıl-zinət əşyaları, aprelin 30-da İlkin Əliyevin evindən 900 manat, qızıl, kulon, mayın 12-də Süleyman Hüseynovun evindən 5000 manat, qızıl-zinət əşyaları, iyunun 6-da Buzovna qəsəbəsində Niyaməddin Abdullayevin evindən 1800 manat, qızıl-zinət əşyaları və iyunun 21-də Pəri Ağayevanın evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları oğurlayıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.