Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi – TƏFƏRRÜAT
05 noyabr 2012 18:06 (UTC +04:00)

Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi – TƏFƏRRÜAT

Ağdam rayonunda adam oğurluğu faktı qeydə alınıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Çəmənli kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Əli Tahir oğlu əmisi oğlu Hüseynov Bəhruz Hüsən oğlu ilə birgə həmkəndlisi, 1991-ci il təvəllüdlü Əhmədova Jalə Oruc qızını evlənmək məqsədi ilə qaçırıb. O, idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə qızı Sarıcalı kəndinə gətirib və orada gizlədib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onların yeri müəyyən edilib. Qız ailəsinə təhvil verilib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ə.Hüseynov qaçırdığı J.Əhmədovanı bir müddət imiş ki, sevirmiş. Gənc oğlan dəfələrlə elçi göndərsə də, qız və də onun ailəsi bu izdivaca razı olmayıb. Nəhayət, noyabrın 2-də J.Əhmədovanın evdə tək olmasından istifadə edən 27 yaşlı oğlan qapını döyüb. Qapını 21 yaşlı J.Əhmədova açıb və bu zaman pusquda duran Bəhruz da əmisi oğlunun köməyinə gələrək qızdan yapışıb. Onlar gənc qızı zorla maşına mindirərək aparıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə iş başlanılıb araşdırmalar aparılır. Hadisəni törədən Ə.Hüseynov və onun əmisi oğlu B.Hüseynov həbs edilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472

Oxşar yazılar