Şimali Koreya hakimiyyəti iyulun sonunda ölkənin şimalında minlərlə insanın həyatına son qoyan güclü daşqından sonra onlarla yüksək vəzifəli məmuru edam edib.
Lent.az bildirir ki, bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, zərər çəkmiş bölgənin 20-dən 30-a qədər lideri güllələnib. KXDR rəhbəri Kim Çen In iyulun sonunda fövqəladə iclasda qurbanların çox olması səbəbindən “vəzifələrinə etinasız yanaşanları” sərt şəkildə cəzalandıracağını bildirib. Şimali Koreyanın dövlət mediası fəlakətdən sonra xilasetmə işlərinə nəzarət edən dövlət başçısının fotoşəkillərini yayıb, lakin heç bir ölüm faktı barədə məlumat verməyib.
TV Chosun telekanalının məlumatına görə, daşqınlar ən çox Çinlə həmsərhəd olan Çaqando əyalətinin şimalında qeydə alınıb. Koreya Mərkəzi Xəbər Agentliyi yazıb ki, leysan 4 mindən çox evi zədələyib, yolları və dəmir yollarını su basıb, həmçinin Sinuiju şəhərində təxminən 3,3 min hektar ərazini dağıdıb, 5 minə yaxın insan xilas edilib.