Bakı şəhər prokurorluğu Lökbatandakı zəhərlənmə ilə bağlı məlumat yaydı
06 mart 2014 16:26 (UTC +04:00)

Bakı şəhər prokurorluğu Lökbatandakı zəhərlənmə ilə bağlı məlumat yaydı

Bakı şəhər prokurorluğu Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsi ilə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə bağlı prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlib, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib. “Məişət qazı ilə zəhərlənmə diaqnozu” ilə Qarabağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıblar. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

 

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

# 1183
avatar

Oxşar yazılar