DSMF-nın “Pensiya+” xidmətindən istifadə edənlərin sayı artır
06 mart 2014 16:13 (UTC +04:00)

DSMF-nın “Pensiya+” xidmətindən istifadə edənlərin sayı artır

Dövlət Sosial Müdafiə Fondu əmək pensiyaçılarının öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etmələrinə nail olmaq üçün müxtəlif layihələr həyata keçirməkdədir. Onlardan biri də 1 ay öncə tətbiqinə başlanılan “Pensiya+” xidmətidir. DSMF-nın ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Pensiya+” layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün faizsiz kredit limitindən istifadə imkanı yaradılır. DSMF-nin əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev keçirdiyi brifinqdə bildirib ki, layihənin reallaşdırılmasından ötən 1 aydan artıq müddətdə bu xidmətdən 1000 nəfərə yaxın pensiyaçı faydalanıb və nəticədə pensiyaçılar tərəfindən reallaşdırılan nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə çoxalıb. “Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmur. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra yenidən kreditdən yararlana bilər. Belə ki, pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşir”.  Elşən Məmmədəliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu vətəndaşların pensiya ödənişini 2004-cü ildən plastik kartlarla həyata keçirir.

 

Hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 99,7 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə ölkədə pensiyaların 99,9 faizinin ödənişi plastik kartlarla reallaşdırılır. “Pensiyaların ödənişi üçün pensiyaçılara çoxfunksiyalı çipkartlar verilib. Amma təəssüf ki, pensiyaçılarımız plastik kartlardan yalnız öz pensiyalarının nağdlaşdırılmasında yararlanırlar. DSMF-nin bu il fevral ayının 1-dən tətbiqinə start verdiyi “Pensiya+” layihəsi bu sahədə yaranmış problemin həllinə də öz töhfəsini verməkdədir. Artıq kommunal ödənişləri, yəni işıq, su, qaz və telefon xidmətlərinin ödənişini də “Pensiya+” layihəsi çərçivəsində həyata keçirmək mümkündür”.

 

Əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi dövlət başçısının sərəncamı ilə təsdiqlənən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın mühüm məqsədlərindəndir. Pensiyaların ödənişində kart sisteminin tətbiqi sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biridir və bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb. Hazırda ölkəmiz pensiyaların ödənişində kart sisteminin tətbiqi üzrə əldə etdiyi göstəricilərə görə beynəlxalq aləmdə öncül mövqedə qərarlaşıb. Bununla belə, plastik kartlardan istifadə sahəsində müəyyən yeniliklərin tətbiqi vacibdir. Son illər ərzində prezident İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verilib və bu yöndə aidiyyatı hökumət qurumları ilə birlikdə müxtəlif tədbirlər görülür.

 

# 941
avatar

Oxşar yazılar