Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
06 mart 2014 16:06 (UTC +04:00)

Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli ilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata arasında tanışlıq görüşü olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı İsmayıl Haqverdiyev və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Camal Yanğın da iştirak edib.

İ. İsayev iki qardaş ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrində uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini ötən il noyabrın 13-də ölkə prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan sazişin bu sahədə əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. “Sazişin əhatə etdiyi istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlər aparılmaqdadır və bu əməkdaşlıq ölkəmizdə aidiyyatı sahələrdə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə öz töhfələrini verir”.

İ. İsayev xüsusən son vaxtlarda qeyri-leqal məşğulluğun aradan qaldırılması, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmaları üçün aparılan işlərin sürətləndirildiyini deyib. İmzalanan əmək müqavilələrinin elektron informasiya sistemi vasitəsilə dövlət qeydiyyatına alınması mexanizminin yaradılması ilə bağlı hazırda aparılan islahat yönümlü tədbir barədə danışan İ.İsayev eyni zamanda işəgötürənlər arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib. “Əminik ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafına öz dəyərli töhfələrini verən ATİB-nin dəstəyi ilə biz ölkəmizdə fəaliyyət göstərən Türkiyə iş adamları arasında da bu sahədə, ümumən əmək hüquqları ilə bağlı maarifləndirmə tədbirlərini uğurla aparacağıq”.

M. Kərimli iki ölkə arasında məşğulluq, peşə standartları, işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyəti və digər sahələrdə əməkdaşlıqdan söz açıb. Eyni zamanda, nazir müavini 2013-cü ildə Türkiyənin Əskişəhər şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə bağlı həmin şəhərin məşğulluq orqanı ilə əməkdaşlıq əlaqələrinin qurulmaqda olduğunu qeyd edib. M.Kərimli Türkiyənin Əskişəhər Məşğulluq Mərkəzinin nümayəndələrinin Azərbaycana, həmçinin Azərbaycandan məşğulluq xidməti nümayəndələrinin Türkiyəyə səfərlərinin nəzərdə tutulduğunu, qarşılıqlı təcrübə mübadilələrinin aparılmasının davam etdiriləcəyini bildirib.

# 781
avatar

Oxşar yazılar