Mənalı ölmək şansı
06 mart 2014 11:11 (UTC +04:00)

Mənalı ölmək şansı

0

Şərif Ağayar

 

Dino Buzzatinin məşhur “Tatar çölü” romanının qəhrəmanı Covanni Droqo hərbçi kimi göndərildiyi Bastiani qalasına çətinliklə öyrəşir. Bura fərqli bir dünya, fərqli bir həyatdır. Münasibətlər insani kontekstdə deyil də, Qalanın nizamnaməsinə uyğun qurulur və çox zaman həyati reallıqlarla düz gəlmir. Ən dəhşətlisi isə, Qala absurd bir niyyət üçün mövcuddur və burada ömürlərini çürüdənlər “heç nə” uğrunda mübarizə apardıqlarını yaxşı bilirlər. Amma müxtəlif səbəblərdən Qalada qalmağı və xidmət göstərməyi üstün tuturlar.

 

Həm də Qalanın sehrli bir cazibəsi var. İlk gəldiyi günlərdə bir azca xəstə yatıb xidmət yerini dəyişmək imkanı, hətta arzusu olsa da Droqo Qalanı tərk etmir. Səbəb özü üçün də qaranlıqdır.

 

Qala həyatı o qədər bezdirici və mənasızdır ki, zabit və əsgərlər müharibə arzulayır, nə vaxtsa müharibədə ölüb ömürlərinə məna qatmaq xəyalı ilə yaşayırlar.

 

Mistik Tatar çölündən hücum gəlmir ki, gəlmir...

 

Amma bu vahiməli çöldə tatarların hələ də dolaşdığına hamı özünü inandırıb. Tatarlar tezliklə hücum edəcəklər. Bu qəti şəkildə belədir!

 

“Tatar çölü” bütün uğurlu romanlar kimi bir neçə qatlıdır. Kafkavari gəzişmələrindən tutmuş “Don Kixot”vari istehzasına qədər çox xüsusiyyətlərindən yazmaq olar. Amma məni indi əsərin təhlili yox tamamilə başqa bir nüans maraqlandırır.

 

Deyirlər, uğurlu əsər odur ki, oxucu orada özünü görsün.

 

Mən “Tatar çölü”ndə təkcə özümü deyil, məxsus olduğum bütöv bir ədəbi nəsli gördüm.

 

Bizim absurd ədəbiyyat sevdamız, sadəlövhcəsinə ciddi nələrsə gözləməyimiz, üstəlik bu sirli-sehrli aləmdən ayrıla bilməməyimiz binəva Covannini xatırlatmırmı sizcə?!

 

Unutmayaq, Covanni arada Qaladan ayrılır da! Və kədərlisi nədir: o, öz doğma evinə, anasının, dostlarının yanına gələndə məlum olur ki, Qalada olduğu bu dörd il ərzində hər şey dəyişib, onu yadırğayıblar, anası artıq addım səslərindən tanıya bilmir övladını, ibadətə daha çox vaxt ayırır, dostları öz həyatları, öz qayğıları daha çox maraqlandırır. Droqo anlayır ki, onun qayıtmağa yeri yoxmuş.

 

Qarşıda absurd Bastiani qalası və mistik Tatar çölü, arxada isə artıq Droqoya tamamilə ögey olan və ona əvvəlki təki hüzur verməyən solğun bir həyat...

 

Droqo yenə Qalanı seçir və seçməlidir də!

 

Başqa yol yoxdur.

 

Olsun ki, tatarlar hücum etsin.

 

O zaman heç olmasa mənalı ölmək şansı var.                     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1306

Oxşar yazılar