Cəsarət Valehli
Son 20 il ərzində dünyanın transformasiya sürəti o qədər intensivləşib ki, iqtisadi həyatda, sosio-mədəni dəyərlərdə, elm və texnologiyada, həyatın bütün
sahələrində dinamik dəyişikliklərə səbəb olub. Bu dinamika müasir dövrdə bilik qazanma vərdişlərinə də öz təsirini göstərib. Sənaye cəmiyyətlərində orta dərəcəli məktəblərdən məzun olanlar, öz ata-babalarının bütün həyatı boyunca aldıqları informasiyadan daha artıq informasiya seli ilə qarşılaşırlar.
Yaşadığımız əsrə damğasını vuran iki böyük inqilab həyat şərtlərimizi və deməli, təhsilimizin hədəflərini də dəyişir. Bunlardan biri rəqəmsal, digəri isə genetik inqilablardır. Rəqəmsal inqilablar informasiya texnologiyalarından asılılığımızı artırmaqla eyni zamanda həyatımızın bütün sahələrində gələcəyə doğru geniş üfüqlər açır. Eləcə də, genetik inqilablar demoqrafik dəyişikliklərin əsas səbəbi olur. Bütün bu dəyişikliklər təhsildə yeni paradiqmaların hansı əsaslar üzərində bərqərar olmasına zəmin yaradır.
Bəs bu paradiqmalar hansı müstəvidə formalaşmalıdır? Bunu aşağıdakı şəkildə belə qruplaşdırmaq olar:
• Müasir dünyanın qlobal trendləri ilə beynəlxalq əmək bazarının tələblərini izləmək;
• Alternativ düşüncə, ömürboyu öyrənmə, onlayn təhsil vərdişlərinə yiyələnmə;
• Şəffaflıq, hesabatlılıq, bərabərlik və təhsildə əlyetərlilik;
Təhsil müasir həyatımızda bu trendlərin hesabına cəmiyyətdə innovativ, yaradıcı təşəbbüsləri dəstəkləməli, biliyi istifadə etmədə fərq yarada bilmə bacarığına sahib olmalıdır. Bunun üçün təhsilşünaslar hesablayıblar ki, yeni yüzillikdə beynin təkcə sol yarımkürəsini inkişaf etdirmək yetərli deyil.
Bildiyimiz kimi, insan beyni iki yarımkürədən ibarətdir. XX əsr boyunca təhsildə xüsusilə sol beyni, İQ ilə ölçdüyümüz beyin kütləsini inkişaf etdirmək hədəflənib. Analiz etmə, rasional düşünmə, məntiqi təfəkkür daha çox sol beynin aktivindədir.
Ancaq XXI əsrdə mütəxəssislərin hesablamalarına görə, artıq beynin sağ yarımkürəsi, yəni hissedən beynin “çəkisi” son dərəcə önəmli olacaqdır. Araşdırmalar göstərib ki, sağ beyin xəyal gücünü, spontanlığı, sintez etməyi, yaradıcılıq təşəbbüslərini özündə daha işlək hala gətirən beyin qismidir və bu beyin yarımkürəsi inkişaf etdikcə, sol beyin öz potensialından daha çox istifadə edir. Hər iki beyin yarımkürəsindən istifadə etmək və bu fəaliyyəti birgə sinxronlaşdırmaq müasir təhsilin qarşısında duran ən mühüm məqsədlərdən biridir. Bununla da, cəmiyyətin yeni kreativ və ya meta bacarıqlara sahib olması təhsildə əsas hədəflərdən hesab olunur. Bir daha qeyd edim ki, burada əsas diqqət özünü idarəetmə və yeni bacarıqların qazanılması prosesinə yönəldilməlidir. Təhsildə meta bacarıqlar dedikdə öyrənməyi öyrənmək, özünü idarəetmə -yəni sosial ünsiyyət vərdişləri kimi keyfiyyətlər başa düşülür.