Şəhid Natiq Əhmədov
22 dekabr 2020 17:20 (UTC +04:00)

Şəhid Natiq Əhmədov

Anasını itirdiyi günündə şəhidlik zirvəsinə ucaldı - REPORTAJ

Natiq Əhmədov 1997-ci ildə Bakı şəhərində anadan olub. Üç bacının tək qardaşı kimi böyümək bəlkə də onda əlavə güc, məsuliyyət yaratmışdı. Bacılarının hər çətinliyinə özünü yetirən, buna lap uşaqlıqdan vərdiş edən Natiq dar günündə vətənini də tək qoya bilmir.

 

O, müharibəyə gedəcəyini ilk olaraq bacısı Aliyə Abdullayevaya deyib: “Onlar Tovuz döyüşlərində bibim oğlu ilə yazılmışdılar. İlk mənə zəng edib dedi ki, evdə heç kəsə demə, atama bildirmə. Dedim, belə şeyi gizlətməzlər axı. Qayıtdı ki, yox, heç kəsə demə. Gedəndə atam xəbər tutar, qoy indi bilib narahat olmasın”.

 

Şəhidin atası Namiq Əhmədov təcili yardımda çalışır: “29 sentyabrda könüllü yazılmışdılar. Özüm təcili yardımda işləyirəm, növbətçi idim. Gecə saat 1-də özüm onları yola salmışam. Ordan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan”.

 

Uşaq yaşlarında anasını itirən Natiqin şəhidlik zirvəsinə ucalması da anasının öldüyü günə təsadüf edir. Oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilir: “Sübhdən mənə zəng elədi ki, ata, hücuma gedirik Hadruta. Orada ola bilər ki, əlaqə saxlaya bilməyək. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.

 

Döyüş yoldaşı Hüseyn Qurbanov Natiqin ölüm anını belə xatırlayır: “Hadrut istiqamətinə dağla qalxırdıq, hücuma keçirdik, ermənilər bizi artilleriya zərbəsinə tutdu. Mən Natiqlə birlikdə gedirdim, ondan bir az geridə idim. Axırıncı top mərmisi Natiqin yanına düşmüşdü. Mən gəlib Natiqə çatanda qan itirirdi. Çox qan itirmişdi, kömək edə bilmirdim. Başını aldım qollarımın arasına, dilini-dodağını islatdım, üzünü şillələdim ki, yatma, danış mənlə! Beş-altı saniyə baxdı üzümə, dedi, gedirəm anamın yanına. Mən bölüyə çatanda bölük komandirinin ilk sualı bu oldu ki, “Natiq haradadır?” Dedim, Natiq yoxdur, dizlərimi yerə atıb başladım ağlamağa... Bu, Natiqin yadigar qalan saatıdır. Üstündə qanı da qalıb. Bu da şəhid olduğu yerin torpağıdır. Müqəddəs torpaqdır”.

 

Komandiri Eldar Bəhramlı üçün Natiq çox əziz əsgər olub: “Bölüklə Hadruta girəndə şəxsi heyətə baxırdım, uşaqların çoxu yox idi. Mənim gözüm Əhmədov Natiqi axtarırdı. Ondan əvvəl digər əsgərlərimi də axtarırdı, amma Natiq başqa idi mənə. Üç gün, iki gün görmədiyin əsgəri sonra yenidən görürdün, elə bil dünyanı verirdilər sənə. Öz-özümə fikirləşdim ki, Əhmədov Natiq də haradadırsa, gəlib çıxacaq. Mənə çox təsir elədi. Düzdür, eşidirdik, amma o, mənə bu xəbəri dəqiq çatdıranda ki, şəhid olub, mənim bütün ümidlərim söndü. Dedim ki, artıq gözləməyim onu. Artıq o getdi”.

 

Döyüş yoldaşı Hüseyn Qurbanov onun qisasını alacağına söz verib və yaralandığı günə qədər Natiqin silahı ilə döyüşüb.

 

Prezident İlham Əliyevin sərəncamı ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

İslam Qədirli

Üzeyir Ağayev

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3354
avatar

Oxşar yazılar