Sosial Xidmətlər Agentliyi sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial-psixoloji və sosial-pedaqoji reabilitasiyasına başlayıb.
ƏƏSM-dan Lent.az-a verilən məlumata görə, xidmət pilot olaraq əvvəlcə Bakının Səbail və Yasamal rayonlarında həyata keçiriləcək.
Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu ünvanlara gedərək, həmin uşaqları kompleks (sistemli) şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edəcək. Sağlamlıq imkanları məhdud uşaqlarda davranış pozuntuları, qəzəbi idarəetmə problemləri, diqqət əskikliyi, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya problemi, həmyaşıdlarla mübahisə etmək və s. kimi halların reabilitasiyası nəzərdə tutulur.
Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil olunacaq.
İlkin olaraq belə uşaqların ailələri ilə görüş keçirilib və ilkin qiymətləndirməyə başlanılıb. Uşaqların ailələrinin maarifləndirici təlim və seminarlara cəlbi, dəstək qruplarının təşkili də nəzərdə tutulur.
Reabilitasiya seansları həftədə beş dəfə keçiriləcək. Hər seansın müddəti uşağın mövcud durumu, yaşı və tətbiq olunan texnikalardan asılı olaraq 30-45 dəqiqədir. Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Səbail, Yasamal rayonları üzrə filiallarına müraciət edə bilərlər.
Sağlamlıq imkanları məhdud uşaqlarla psixoloji reabilitasiya prosesində ABA terapiyası, Yoqa, TEACCH proqramı, Erqoterapiya, Art terapiyadan da istifadə olunacaq.