Sağlam qidalanmayan uşaqlarda hansı xəstəliklər yaranır? - VALİDEYNLƏR OXUSUN
12 may 2021 19:52 (UTC +04:00)

Sağlam qidalanmayan uşaqlarda hansı xəstəliklər yaranır? - VALİDEYNLƏR OXUSUN

Məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır.

Lent.az bildirir ki, normal yuxu və balanslaşdırılmış şəkildə qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Bu dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyyə olunur.

Gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Səhər yeməyində süd və süd məhsulları, yumurta, bal, quru meyvə, çərəz, mövsümə uyğun təzə meyvə və tərəvəzlərin istehlakı məqsədəuyğun hesab edilir.
 
Yaxşı səhər yeməyi uşaqların fiziki inkişafını sürətləndirməklə yanaşı, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Böyüməkdə olan uşaq orqanizminin kalsiuma və vitamin D-yə ehtiyacı daha çoxdur. Bu baxımdan süd, pendir, kəsmik kimi məhsulların qəbulu vacibdir. Süd və süd məhsulları sümüklərin, diş əzələsinin güclü olması üçün lazımlı kalsium, riboflavin və B 12 mənbəyi hesab edilir. Yumurta zülal mənbəyidir ki, uşaqların zehni inkişafına müsbət təsir göstərir, eləcə də dəmir, B qrupu vitaminləri və minerallarla zəngindir. Meyvə və tərəvəzlər A, E, C və B qrup vitaminləri həmçinin Ca, K, Mg mineralları ilə zəngindir.
 
Qida maddələrinin gündəlik qəbul edilməli miqdarı uşaqların yaş qrupundan asılı olaraq müxtəliflik təşkil edir. Qidaların normadan çox və normadan az qəbul edilməsi bir sıra fəsadlara gətirib çıxara bilər. Qidaların normadan az qəbul edilməsi böyümə və inkişafda geriləmə, infeksion xəstəliklərə həssaslıq ilə nəticələnir. Qidaların normadan çox qəbulu isə piylənməyə səbəb olur ki, bu da gələcəkdə hipertoniya, ürək-damar xəstəlikləri, diabet riskini artırır.
 
Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyanaltı qəbul etməsi məqbul hesab edilir. Qəlyanaltıya evdə hazırlanmış sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar daxil edilsə yaxşı olar.

Bu qəlyanaltıda fast food qidalar, çipslər, paketlənmiş suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından istifadə edilməməsi məsləhətdir. Belə ki, qeyd olunan qidaların kalorisi çox olsa da, qida dəyəri olduqca azdır və bunlar piylənmə, hipertoniya, mədə-bağırsaq xəstəlikləri, diş çürümələrinə səbəb ola bilər. Bu qidaların hazırlanmasında müxtəlif rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar və digər konservantlar istifadə edildiyindən uşaqlarda allergiya, hiperaktivlik, eyni zamanda diqqət dağınıqlığına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Nigar Adil

Oxşar yazılar