Pandemiya dövründə uşaqların ASUDƏ VAXTLARININ SƏMƏRƏLİ TƏŞKİLİ
16 may 2021 02:18 (UTC +04:00)

Pandemiya dövründə uşaqların ASUDƏ VAXTLARININ SƏMƏRƏLİ TƏŞKİLİ

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, düşünülməsi olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur.

Məlum olduğu kimi, ölkəmizdə koronavirus ( COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu zaman valideynləri düşündürən və narahat edən məqamlardan biri evdə qaldığı müddətdə övladı üçün faydalı olacaq doğru məşğuliyyəti seçməkdir.

Bəs bunu necə həyata keçirmək olar? Lent.az psixoloq Leyla Əliyevanın mövzu ilə bağlı fikirlərini təqdim edir:


Bunun üçün ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növü nəzərə alınmalıdır.

Azyaşlı uşaqların asudə vaxtının əsasını oyunlar təşkil edir. Bu zaman elə oyunlara üstünlük verilməlidir ki, əyləndirməklə yanaşı, həm də öyrədici olsun. Çünki uşaq məhz oyunlar vasitəsilə ətraf mühiti dərk edir, oynadığı oyunlar onda ətraf aləm haqda təsəvvür formalaşdırır.

Uşaqlar oyun oynadıqda valideynlər də oyunun iştirakçısı olaraq övladının davranışlarına nəzər yetirməlidir. Çünki uşaq oyun fəaliyyətində özünü necə aparırsa, bu onun xarakterik xüsusiyyətinə çevrilə və xasiyyəti kimi formalaşa bilər.

Bütün yaş dövrləri üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin ən ideal məşğuliyyəti mütaliə etməkdir. Bu zaman valideynlər övladının yaşını nəzərə almaqla doğru kitab seçiminə diqqət etməlidir. Oxunan məlumatın keyfiyyəti, mövzusu mühümdür. Nə çox fantaziyalarla dolu, nə kin, nifrət doğuran, nə də şiddət xarakterli materiallar oxumaq doğru deyil. Valideynlərin övladlarına daha çox özündə həyati məlumatları əks etdirən, folklor nümunələri olan nağıllar, dastanlar oxutmaları tövsiyə edilir. Folklor nümunələri milli ruhumuzu, adət-ənənələrimizi özündə ehtiva edir ki, bu da uşaqların milli ruhda böyümələrinə müsbət təsir göstərir.

Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özünə nümunə seçir. Qəhrəmanlıq dastanları isə uşaqları vətənpərvər ruhda yetişdirmək üçün önəmlidir.

Uşaqların asudə vaxtının səmərəli təşkil olunmasında musiqinin də özünəməxsus rolu var. Belə ki, musiqi insanda mənfi enerjinin azalmasına, müsbət enerjinin artmasına səbəb olur. Asudə vaxtlarında musiqi ilə məşğul olan uşaqlarda dinləmə mədəniyyəti, əgər bir musiqi alətindən istifadə edirsə, onda ritm tutmaq, melodiyanı qavramaq qabiliyyəti inkişaf edir, ixtiyari diqqət güclənir.
Asudə vaxtın səmərəli təşkili baxımından şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır.
Boş vaxtını şahmat oynayaraq keçirən uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir.

Valideynlər hər zaman yaxşını pisdən, doğrunu yanlışdan ayırd etməyi övladlarına didaktik formada öyrətməyə çalışırlar, lakin bəzən bu onlara yorucu və bezdirici gəlir. Amma şahmat oyununda bir həmlənin oyunun gedişatına necə təsir edəcəyini, yeni vəziyyətin necə nəticələnəcəyini uşaq əyani olaraq anlayır və qavrayır. Şahmat oyununun zehni qabiliyyəti inkişaf etdirdiyini nəzərə alaraq əsasən 4-6 yaş arası uşaqları bu oyuna cəlb etmək daha məqsədəuyğun hesab olunur.

Asudə vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir. Bununla yanaşı idman xəstəliklərlə mübarizədə orqanizmin immun sistemini gücləndirir, dayanıqlılığı artırır. Bu yalnız uşaqlar üçün deyil, yeniyetmə və böyüklər üçün də olduqca faydalı məşğuliyyətdir.
Rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirmək üçün əla məşğuliyyətdir.

Uşaqlar rəsmlə məşğul olan zaman öz fantaziyalarını işə salaraq təxəyyüllərinin məhsulunu ortaya qoyurlar. Rəsm çəkmək onların bədii zövqünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir və bu məşğuliyyət zamanla istedada çevrilə bilir.

Uşaqların bütün bu qabiliyyətlərini inkişaf etdirməklə onların uğurlu gələcəklərinə lövbər atmış olarıq.
Asudə vaxtın səmərəli təşkili uşaqların istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.
• Beləliklə, evdə qalın, amma məşğuliyyətsiz qalmayın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar