Körpələrə ana südünün  FAYDALARI
21 yanvar 2022 09:38 (UTC +04:00)

Körpələrə ana südünün FAYDALARI

Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir. O, lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.

Lent.az Azərbaycan Qida Təhlükəsizlik İnstitutuna istinadən xəbər verir ki, süd verən qadının orqanizminin qida ehtiyatları hamiləlik, eləcə də doğuş zamanı qan itkisi nəticəsində az və ya çox dərəcədə tükənə bilər. Əsasən qida maddələrinin ilk dəfə kolostrumla, sonra isə ana südü ilə itirilməsi səbəbindən laktasiya dövrü orqanizmin qida maddələrinə olan ehtiyacını artırır. Ana südünün həcmi dəyişkən xarakterlidir. Süddə olan qida maddələri ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə edilir.

Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə, körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalı və bunu azı 1 yaşa qədər davam etdirmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da körpələri ana südü ilə qidalandırmağa doğumdan bir saat sonra başlamağı, 2 yaş və ya daha uzun müddətə davam etdirməyi məsləhət görür.

Qeyd edək ki, ana südü ifraz olunma müddətinə və tərkibinə görə kolostrum, keçid südü və yetkin süddən ibarətdir. Kolostrum doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunan, qatı və sarımtıl rəngli süddür. Tərkibində az yağ və laktoza var. O, zülalla, xüsusən də infeksiya əleyhinə xüsusiyyətə malik zülallarla zəngindir.

Körpə üçün ana südünün bir çox faydası var. Bunlar aşağıdakılardır: 

- Ana südü körpələr üçün ideal qidalanmanı təmin edir. Xüsusilə də ilk 6 ay boyunca yenidoğulmuş körpəni lazım olan bütün qida maddələri ilə təmin edən ən sağlam qidadır.

- Ana südü mühüm antitellər ehtiva edir. Ana südü körpənin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən antitellərlə zəngindir. Bu xüsusilə ilk süd olan kolostruma aiddir. Kolostrum yüksək miqdarda immunoqlobulin A (IgA), eləcə də bir sıra digər antitelləri təmin edir.

- Ana südü ilə qidalanma xəstəlik riskini azalda bilər. Ana südü ilə qidalanma körpənin bir çox xəstəliklərə tutulma riskini azalda bilir.

- Ana südü körpənin çəkisini sağlam şəkildə artırır. Ana südü ilə qidalanma sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır. Araşdırmalar göstərir ki, 4 aydan çox ana südü ilə qidalanma körpənin artıq çəki və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır. 

- Ana südü uşaqların zehni inkişafına təsir edir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Sevinc Fərid

Oxşar yazılar