Dünyada 550-dən çox uşaq atası olduğu düşünülən hollandiyalı sperma donorunun donorluğu qadağan edilib.
Lent.az xəbər verir ki, bu barədə Independent məlumat yayıb.
Dünən Haaqa Rayon Məhkəməsində keçirilən iclasda donor Conatan Meijerin bu fəaliyyətini davam etdirəcəyi təqdirdə ianə başına 100 min avro cərimə ödəməsi qərara alınıb. Qərara görə, 41 yaşlı kişi həmçinin sperma bankları ilə əlaqə saxlamalı və saxladıqları ianələrin məhv edilməsini xahiş etməlidir.
"Bütün bu valideynlər övladlarının yüzlərlə bacı-qardaşdan ibarət nəhəng qohumluq şəbəkəsinin bir hissəsi olması ilə üzləşiblər. Bunu özləri seçməyiblər", - hakim Thera Hesselink bildirib.
Hesselink bildirib ki, Meijer sperma vermək üçün heç bir ailə və ya qurumla əlaqə saxlaya bilməz.
Hollandiya qanunlarına görə, donorlar maksimum 12 qadına sperma verə və maksimum 25 uşaq atası ola bilər.
Qeyd edək ki, 2007-ci ildən bəri sperma bağışlayan Meijerin ən azı 102 uşağın bioloji atası olduğu hələ 5 il əvvəl məlum olub.
Donor sonradan qara siyahıya düşsə də, o, bütün dünyada digər sperma banklarına və ailələrə ianə verməyə davam edib. Hollandiyada Donor Uşaq Fondu və sperma bankı vasitəsilə ana olmuş qadın mart ayında Meijeri məhkəməyə verib. Məlum olub ki, donor təmasda olduğu qurumlara və insanlara çoxlu ianə vermədiyini deyərək yalan danışıb.
Ailələr eyni donordan olan yüzlərlə uşağın qohumluq və ya qohum evliliyi riski altında olmasından narahatdırlar.