Əfqanıstanda DƏHŞƏT:   Acından ölməmək üçün uşağını 500 dollara satdı
26 oktyabr 2021 16:27 (UTC +04:00)

Əfqanıstanda DƏHŞƏT: Acından ölməmək üçün uşağını 500 dollara satdı

Ümumdünya Ərzaq Proqramının “təcili hərəkətə çağırış” etdiyi Əfqanıstanda insanlar aclıqdan körpələrini satmaq həddinə gəliblər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, tanımadığı ailəyə körpə qızlarını 500 dollara (təxminən 850 manat) çatan ailə özlərinə haqq da qazandırıblar. Onlar başqa çarələrinin olmadığını bildiriblər.

ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra "Taliban" burada nəzarəti ələ keçirib. Beynəlxalq yardım fondlarının dondurulduğu ölkədə iqtisadi böhran insanları dəhşətli üsullara sürükləyir.

Beynəlxalq mətbuat Əfqanıstanda iqtisadi böhranla mübarizə aparan insanların müəyyən maddi gəlir əldə etmək üçün orqanlarını satdıqlarını yazıb.

BBC-nin yaydığı yeni xəbər isə ölkədəki dəhşətli faktları gündəmə gətirib. Aclıqdan ölmək üzrə olan əfqan ailəsinin körpəsini 500 dollara satması da bu faktlardan biridir. Dəhşətli hadisə ölkənin qərbində yerləşən Herat şəhərində baş verib. Övladını satan ana  "Digər uşaqlarım aclıqdan ölürdü. Ona görə də qızımı satmalı oldum. Bilirəm ki, bunu etməməliydim”, - deyərək çarəsizliyini dilə gətirib.

Qızın atası isə ailənin zibil toplamaqla dolandığını, lakin bu vəziyyətin daha heç nə gətirmədiyini söyləyərək, əlavə edib: "Acından ölürük. Hazırda evimizdə un, yağ yoxdur”.

Atadan qızının taleyinin necə olacağını soruşduqda o, “Qızımın gələcəyini bilmirəm. Amma mən bunu etməli idim”, - deyib.

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda 14 milyon insanın "aclığa doğru irəlilədiyini" və yardım göstərilməsə həyatını itirə biləcəyini açıqlayıb.

 

# 8451
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar