Yayda bu ölkələrə istidən yaxın durmaq olmur   - Turist itirirlər
09 iyun 2026 10:53 (UTC +04:00)

Yayda bu ölkələrə istidən yaxın durmaq olmur - Turist itirirlər

0

İqlim dəyişikliyi və son illərdə müşahidə olunan rekord istilər Avropada turizm vərdişlərinə ciddi təsir göstərməyə başlayıb. Aparılan yeni araşdırma göstərir ki, avropalıların böyük əksəriyyəti artıq hava şəraitini nəzərə alaraq səyahət planlarını dəyişir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Avropa Turizm Komissiyasının araşdırmasına əsasən, avropalıların 81 faizi iqlim dəyişikliyinə görə səyahət vərdişlərini müəyyən dərəcədə dəyişib. Sorğuda iştirak edənlərin 15 faizi isə artıq məqsədli şəkildə daha sərin iqlimə malik istiqamətlər axtardığını bildirib.

Məlumata görə, son dövrlərdə xüsusilə Finlandiya, Norveç, Polşa və İslandiya kimi ölkələrə turist axını nəzərəçarpacaq dərəcədə artıb. Böyük turizm operatorları da Skandinaviya ölkələrinə tələbatın yüksəldiyini təsdiqləyirlər.

Bununla belə, Böyük Britaniyanın Turizm Agentlikləri Assosiasiyası (ABTA) hesab edir ki, qısamüddətli perspektivdə isti hava ənənəvi turizm istiqamətlərinin populyarlığını ciddi şəkildə azaltmayacaq. Assosiasiyanın nümayəndələri bildiriblər ki, ümumilikdə insanlar əvvəlki illərdə olduğu kimi səyahət etməyə davam edirlər.

İspaniyada istilərlə bağlı ölüm halları artır

İqlim dəyişikliklərinin təsiri xüsusilə Cənubi Avropada daha qabarıq hiss olunur. Reuters agentliyinin İspaniya Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, 2026-cı ilin may ayında ölkədə istilərlə əlaqələndirilən ölüm halları son illərin ən yüksək səviyyəsinə çatıb.

İspaniyanın gündəlik ölüm monitorinqi sistemi may ayında yüksək temperaturla bağlı 101 ölüm hadisəsi qeydə alıb. Bu göstərici son 10 ilin may ayları üzrə orta göstəricidən 3,6 dəfə çoxdur. Ən çox zərər çəkən bölgələr arasında paytaxt Madrid və digər mərkəzi ərazilər yer alıb. Burada yazın son günlərində qeyri-adi istilər müşahidə olunub və səhiyyə sisteminə əlavə yük yaranıb.

Fransa və Böyük Britaniyada da rekord istilər qeydə alınıb

May ayının sonunda Fransada güclü isti hava şəraiti nəticəsində azı yeddi nəfərin həyatını itirdiyi bildirilib. Bir sıra məktəblərdə uşaqların huşunu itirməsi halları qeydə alınıb.

Böyük Britaniyada da rekord temperatur göstəriciləri müşahidə olunub. Meteoroloqların məlumatına görə, Avropa üzərində formalaşan güclü antisiklon sərin hava kütlələrinin bölgəyə daxil olmasının qarşısını alır. Nəticədə istilik toplanır və temperatur normadan xeyli yüksək səviyyəyə qalxır.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyinin təsiri gücləndikcə turistlərin ənənəvi Aralıq dənizi kurortlarından daha sərin və komfortlu bölgələrə yönəlməsi tendensiyası gələcək illərdə daha da sürətlənə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar