Smartfona saatlarla baxmaq vərdişi təkcə gözlərə deyil, bütün orqanizmə zərbə vurur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Buck İnstitutunun tədqiqat mərkəzinin mütəxəssisləri telefona və ya kompüterə həddindən artıq baxmağın ömür uzunluğunu azaltığını bildirirlər.
Alimlərin məlumatına görə, əsas təhlükə ekranların xüsusi şüalanmasından qaynaqlanır, bu isə sirkadiyalı ritmləri pozur. Bioloji saat adlanan bu ritmlər yuxunu, maddələr mübadiləsini və immun sisteminin fəaliyyətini tənzimləyir. Onların işindəki pozuntu xroniki xəstəliklərin inkişafına və ya mövcud sağlamlıq problemlərinin ağırlaşmasına səbəb ola bilər.
Bu prosesdə xüsusi rol gözlərə məxsusdur. Çünki onlar daima xarici mühitin və süni işığın təsirinə məruz qalır. Digər orqanlarla müqayisədə onların qoruyucu mexanizmləri daha tez-tez işə düşür, lakin həddindən artıq yüklənmə daxili proseslərin pozulmasına gətirib çıxarır. Nəticədə mənfi təsirlər görmə sistemi ilə məhdudlaşmır, bütün orqanizmə yayılır.
Alimlər vurğulayırlar ki, smartfona və ya kompüter ekranına uzun müddət baxmaq gözlərin təbii müdafiə səviyyəsini dəyişir və tədricən digər orqanların fəaliyyətində pozulmalara səbəb olan zəncirvari reaksiyanı işə salır. Uzunmüddətli perspektivdə bu, ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Bundan başqa, mövcud tədqiqatlar artıq görmə pozuntuları ilə orqanizmin ümumi vəziyyəti arasında əlaqəni təsdiqləyib. Nümunələrdən biri diabetik retinopatiyadır. Şəkərli diabetin fəsadı olaraq yüksək şəkər səviyyəsi göz damarlarını zədələyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəlik hər il 3,9 milyon korluq halına səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, rəqəmsal texnologiyalar dövründə insanlar getdikcə daha çox vaxtlarını ekran qarşısında keçirirlər və belə süni işıqlandırmanın təsiri gələcəkdə fəlakətli nəticələr doğura bilər. Buna görə də tədqiqatçılar göz və ümumi sağlamlıq üçün riskləri azaltmaq məqsədilə, xüsusən də yuxudan əvvəl, telefon və kompüterdən istifadənin vaxtını məhdudlaşdırmağı tövsiyə edirlər.