Avropada yol qəzalarının sayını azaltmaq məqsədilə sürücülərin diqqətini və yorğunluq səviyyəsini izləyən sistemlərin tətbiqi məcburi olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Avropa qaydalarına əsasən, bazara çıxarılan bütün yeni avtomobillər Sürücü Monitorinq Sistemi (DMS) ilə təchiz olunmalıdır. Bu sistem real vaxt rejimində sürücünün yola diqqət yetirib-yetirmədiyini və ya diqqətinin yayındığını müəyyən edə bilir.
Bu texnologiya son illərdə tətbiq olunmağa başlayan sürücü yorğunluğunu aşkarlayan sistemlərin daha inkişaf etmiş versiyası hesab edilir. Mütəxəssislər hesab edirlər ki, yol qəzalarının əsas səbəblərindən biri məhz sürücünün diqqətsizliyi və yorğunluğudur.
Yeni sistem avtomobil salonunda yerləşdirilən kamera, müxtəlif sensorlar və süni intellekt alqoritmləri vasitəsilə sürücünün baxış istiqamətini, göz hərəkətlərini, göz qırpma tezliyini, əsnəməsini və başının vəziyyətini davamlı olaraq təhlil edir. Toplanan bütün məlumatlar avtomobilin daxilində emal olunur və bulud serverlərinə göndərilmir.
Sistem sürücünün diqqətini itirdiyini və ya yorulduğunu müəyyən etdikdə dərhal səsli və ya vizual xəbərdarlıq edir. Bundan əlavə, sükanın və ya oturacağın titrədilməsi ilə də sürücünün diqqəti yenidən yola yönəldilir.