2026-cı ilin yayının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlanıb. Populyar performans test platforması olan "AnTuTu" Android cihazları arasında ən yüksək nəticə göstərən modellərin siyahısını yeniləyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqdə "Snapdragon 8 Elite Gen 5" prosessoru əsasında çalışan flaqman smartfonlar üstünlük təşkil edir.

Ən məhsuldar Android smartfonu kimi "RedMagic 11S Pro+" tanınıb. Qurğu xüsusilə mobil oyun həvəskarları üçün nəzərdə tutulmuş güclü həll hesab edilir. Smartfon sürətləndirilmiş "Snapdragon 8 Elite Gen 5" çipi, nazik korpusda yerləşdirilmiş iri batareya və inkişaf etmiş ikiqat soyutma sistemi ilə seçilir.
İkinci yerdə "iQOO 15 Ultra" qərarlaşıb. İlk üçlüyü isə "Vivo X300 Ultra" tamamlayır. Məlumata görə, bu modellərin hər biri AnTuTu testlərində 4 milyondan çox xal toplayıb. Müqayisə üçün qeyd olunur ki, "iPhone 17 Pro" oxşar testlərdə təxminən 3 milyon xal əldə edir.
İlk onluğa həmçinin "iQOO 15", "RedMagic 11 Pro+", "Realme GT 8 Pro", "Oppo Find X9 Ultra", "Honor WIN" və "Honor Magic 8 Pro" daxil olub. Siyahıda MediaTek platforması ilə çalışan yeganə model isə yeni təqdim edilən "iQOO 15T" olub. Bu cihaz "MediaTek Dimensity 9500" prosessoru ilə təchiz edilib.
Orta büdcəli smartfonlar arasında da ayrıca reytinq hazırlanıb. Bu kateqoriyada ilk onluğun bütün iştirakçıları MediaTek prosessorları ilə işləyən modellər olub. Siyahıya "iQOO Z11" başçılıq edir. Onun ardınca "Honor 600 Pro" və "Honor WIN Turbo" gəlir.

Mütəxəssislərin məlumatına görə, "Snapdragon 8 Gen 6" prosessoru ilə çalışan ilk smartfonlar artıq sentyabr ayından etibarən bazara çıxmağa başlayacaq. Bu modellər arasında "Xiaomi 18"də yer alacaq. Qualcomm-un yeni nəsil flaqman çiplərinin adi və Pro versiyalarla təqdim ediləcəyi, hər iki variantın isə 2 nanometrlik texnoloji proses əsasında hazırlanacağı bildirilir.