Zazalı-“İmamzadə” kompleksi-Gəncə yolunun tikintisi bitib
09 yanvar 2017 12:34 (UTC +04:00)

Zazalı-“İmamzadə” kompleksi-Gəncə yolunun tikintisi bitib

 

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunda aparılan yenidənqurma işləri başa çatdırılıb.

 

 “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 19,4 km olan Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.

 

Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihə çərçivəsində mövcud dəmir yolu üzərində və yolun 8-ci km-də Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub. Dəmir yolu üzərindəki körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Gəncə çayı üzərindəki 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpülərdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkiləri də tikilib.

 

Yenidənqurma işləri zamanı yolun yararsız qruntu 1 m-ə qədər dərinlikdə qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib. Daha sonra yol əsasının tikintisi və 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 200 min m2 ərazi asfaltlanıb. Hərəkətin normal təşkili üçün yolun xətlənməsi işləri aparılıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

 

 Qeyd edək ki, yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub, sərnişin və yük daşıması yaxşılaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar