Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, gecə və səhər çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 1-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.