“Azərişıq”ASC-nin daxili vəsaiti hesabına Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan yeni inşa edilmiş ofis binası istifadəyə verilib.
“Azərişıq”ASC-dən Lent.az-a verilən məlumatına görə, iki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb. Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Yeni inşa edilmiş ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tovuzun İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd edibər. Bildirilib ki, yaşayış məntəqələrinin, yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2017-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər istifadəyə veriləcək.