Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı azalmağa doğru gedir.
Lent.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilmiş tədbirdə deyilib.
Tədbirdə qeyd edilib ki, 2016- cı ilin yanvar ayından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.
Stansiyanın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərib ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.
Yol nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara tez çatdırmağa çalışaraq işıq və səs siqnallarından istifadə etmələrinə baxmayaraq bəzi nəqliyyat vasitələrinin sürücüləri təcili yardım avtomobillərinə yol verməyərək hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olurlar.