<b>"Bakı Danford-Gerasimov görüşü üçün unikal meydan oldu” -</b> <span style="color:red;">Politoloqlar
16 fevral 2017 17:13 (UTC +04:00)

"Bakı Danford-Gerasimov görüşü üçün unikal meydan oldu” - Politoloqlar

 

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

 

O qeyd edib ki, bu gün ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırdılar: “Regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi. Lakin Gürcüstan məlum məsələlərə görə Rusiya üçün uyğun deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəldi. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da vurğulamaq vacibdir. Həm də son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin də keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, Bakı Cozef Danford və Valeri Gerasimov arasında görüş üçün unikal meydan oldu”.

 

"Rusiya və ABŞ-ın baş qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi onun son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə qırılmaz surətdə bağlıdır”.

 

Bu isə APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

O bildirib ki, Bakı artıq Sivilizasiyalararası beynəlxalq forumun bir neçə iclasına ev sahibliyi edib: ““Bakı prosesi” deyilən proses mövcuddur. Bakı Sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlərə ev sahibliyi edib. Amma zənnimcə, qərargah rəhbərlərinin görüşünün Bakıda keçirilməsinin daha mühüm səbəbi var. Bu görüşdə əsasən dünyada beynəlxalq terrorizmə qarşı mübarizə və həmin mübarizədə iki dövlətin qarşılıqlı əməkdaşlığının əlaqələndirilməsi məsələləri müzakirə ediləcək. Vaşinqton və Moskva bəzən terrorizmi “islam terrorizmi” adlandırır. Bu tədbiri elə İslam ölkəsinin paytaxtında keçirməli idilər ki, həmin ölkə terrorizmə qarşı mübarizədə iştirak etmiş, öz ölkəsində təhlükəsizlik məsələləri yüksək səviyyədə qurulmuş olsun və orada ciddi sabitlik hökm sürsün.

 

Bu nöqteyi-nəzərdən Azərbaycan İslam ölkələri içərisində ən təhlükəsiz, ən sabit münasibətlərin mövcud olduğu ölkə kimi digərlərini üstələyir. Azərbaycanı bu keyfiyyətlərinə, beynəlxalq münasibətlərdə oynadığı dinamik rola görə seçiblər. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olduğuna görə görüş yeri kimi Bakının seçilməsi Moskva üçün heç bir problem yaratmır. Eyni zamanda bu seçim ABŞ-ın da maraqlarına uyğundur. Çünki ABŞ uzun müddətdir, Azərbaycanla Əfqanıstanda “Taliban”a qarşı mübarizədə strateji əməkdaşlıq edir. ABŞ qoşunlarının bütün silah-sursat və mallarının 80 faizi Azərbaycan ərazisindən daşınır. Daşınma prosesində Azərbaycanın nəqliyyat sistemi də yaxından iştirak edir. Yaxın vaxtlarda ABŞ Əfqanıstandakı qoşun kontingentini 2 dəfə artırmaq niyyətindədir. Bu zaman ölkəmizin strateji çəkisi və əhəmiyyəti daha da artacaq. Azərbaycan antiterror tədbirlərində yaxından iştirak edir. Azərbaycanın bir taboru artıq bir neçə ildir, Əfqanıstanda “Taliban”a qarşı aparılan əməliyyatlarda iştirak edir. Bir zamanlar İraqda olan tədbirlərdə də Azərbaycan sülhməramlıları iştirak edirdi”.

 

Qabil Hüseynli bu baxımdan görüşün keçirildiyi ölkənin təsadüfi seçilmədiyini, bunun davamına ümidli olduğunu bildirib: “Azərbaycan bölgənin aparıcı lider dövlətidir. Ölkəmiz beynəlxalq münasibətlərdə çevik rol oynayır. Azərbaycan paytaxtı təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan imicinə malikdir. Üstəlik, Azərbaycan gələcəkdə terrorizmə qarşı keçiriləcək tədbirlərin müzakirə edildiyi daimi məkan kimi də seçilə bilər. Bu, birinci tədbir olsa da, düşünürəm ki, sonuncu deyil. Belə tədbirlər istər baş qərargah rəisləri, istərsə də daha iri ranqlı siyasətçilər səviyyəsində davam edə bilər. Bu, həm də Azərbaycanı gələcəkdə ABŞ-ın daha möhkəm strateji tərəfdaşına çevirər ki, bu da ölkəmizin özü və beynəlxalq imici üçün mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, tədbirin burada keçirilməsi Azərbaycanın əhəmiyyətini və beynəlxalq münasibətlərdəki rolunu xeyli artırdı, bizi sevməyən, düşmən ölkələrin canına vəlvələ saldı. Bu tədbirin burada keçirilməsini Azərbaycanın xarici siyasətinin və ümumiyyətlə, beynəlxalq aləmdə artan rolunun göstərici kimi qəbul etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar