GÜNÜN ŞƏRHİ
Dədə-babadan qar yağanda deyirdilər ki, göydən bərəkət yağır. Bu, bir az əkinçi kökümüzdən, bir az şaman kökümüzdən qaynaqlanan inamdır. Amma ya kökümüzdən uzaqlaşırıq, ya da qar o qar deyil. Bakıya qar, daha doğrusu problem yağdı. Qar az olduğuna görə, problem də az oldu. Amma bu dəfə də qarın yaratdığı problemlərdən, xüsusilə yollardakı tıxac, ictimai nəqliyyatın işləməməsi problemindən yaxa qurtara bilmədik. Bu sonuncu qar deyil, bir həftə sonra gəlişini rəsmiləşdirəcək qışın sərt üzünü hələ çox görəcəyik. Qışa təkcə əlaqədar qurumlar deyil, elə özümüz də hazırlaşmalıyıq. Xüsusən də qarlı qış günündə mövsümi şinlərdən istifadə etməyən, təkərlərə zəncir taxmağı ar bilən sürücülər. Dünən Bakı şəhərində tıxacların əksəriyyətinin səbəbi narın yağan qar deyil, bu cür sürücülər olub. Yəni, özümüz olmuşuq. Hər problemin həllinə ilk növbədə özümüzdən başlasaq, bir gün bütün problemlər həll olunar.
Vüqar MƏSİMOĞLU